Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq dekabrın 28-də İqtisadiyyat Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar.
Məlumat verilib ki, 2004-cü ildə əl işləri və sənət əsərlərinin sərgi və satışı, sahibkarların tədris-informasiya mərkəzi kimi yaradılan mərkəz 2011-ci ildən Naxçıvan Biznes Mərkəzi kimi fəaliyyətini davam etdirib. 2013-cü ildən isə yeni bina ilə təmin olunan mərkəz üçün müasir tələblərə uyğun lazımi iş şəraiti yaradılıb. Qeyd olunub ki, əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsi olan Naxçıvan Biznes Mərkəzində 96 müəssisə tərəfindən 192 növdə 1250-dən çox çeşiddə məhsul sərgilənir. Həmçinin burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti