Xalçaçılıq xalqımızın milli mədəniyyəti tarixində özünəməxsus yer tutur. Xalça sənəti Naxçıvanda da geniş yayılan xalq yaradıcılığı növlərindən biridir. Bu mənada “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.
2019-cu ildə bu istiqamətdə bir sıra təşkilati işlər görülüb, əllə xalçatoxuma sənəti sahəsində unudulmaqda olan ənənələrin, bədii və texniki iş üsullarının, xalça çeşnilərinin bərpası, inkişaf etdirilməsi və gənclərin xalçaçılıq sənətinə marağının artırılması məqsədi ilə “Xalq Yaradıcılıq Emalatxanası”nın xalçaçılıq bölməsi bərpa olunmuş, xalçaçılar istifadə olunan xammal, xalça toxuma məmulatları və hanalarla təmin edilmişdir. Emalatxananın xalçaçılıq bölməsində və Cəlilkənd “Buzxana” Kompleksində muxtəlif ölçülərdə 44 ədəd xalça toxunmuş, 5 ədəd xalçanın toxunuşu davam etdirilmiş və toxunmuş 8519 manat dəyərində 41 ədəd xalçanın satışı həyata keçirilmişdir.
Duzdağ, Təbriz və Qrand otellərində, Əshabi-Kəhfdə, Duzdağ Fizioterapiya Mərkəzində bütün yaradıcılıq sahələrini əhatə edən sərgi-satışı xidməti obyektində əl işləri və yerli məhsulların sərgi-satışı təşkil edilib. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi çərçivəsində 5 xalçaçı qadınla müqavilə bağlanılıb, milli çeşnilər əsasında evlərdə xalça toxunması məqsədilə onlar material və avadanlıqlarla təmin olunublar. Toxunuşu yekunlaşan 5 ədəd xalça satın alınaraq muxtar respublikada təşkil olunmuş sərgi-satışlarda nümayiş etdirilib. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır.
“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində əmək bazarının tələbinə uyğun milli və xalq tətbiqi sənəti növləri, unudulmaqda olan ənənələrin bədii və texniki iş üsullarının bərpası üzrə peşə kurslarının keçirilməsi məqsədilə “Tədris Planı” hazırlanıb.
Muxtar respublikada fəaliyyət göstərən 60-dan çox müxtəlif, ağac üzərində oyma, misgər, xalçaçı, papaqçı, dulusçu, bədii incəsənət, dekorativ tətbiqi sənət sahələri ilə məşğul olan sənətkarlarla əlaqə saxlanılmış, Azərbaycan Respublikasını eləcə də Naxçıvan Muxtar Respublikasını tanıdan suvenirlərin, hədiyyəlik xatirə əşyalarının hazırlanması təmin edilmişdir. Xalçaçılıq sənəti ilə bağlı yaşlı nəsillərin və sənətkarların ənənəvi xalçaçılıq sənətinin bədii və texniki iş üsulları “Xalq Yaradıcılıq Emalatxanası”nda 2 nəfər müdavim və Naxçıvan Dövlət Universitetinin 15 nəfər tələbəsinə öyrədilmişdir.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialında xalçaçı sənətkarlar tərəfindən 300 kvadratmetrdən çox xalça toxunmuşdur. Bundan əlavə muxtar respublikada əllə toxunmuş xalçaların reyestri sistemi yaradılmış, 585 xalça haqqında məlumat reyestrə daxil edilmişdir.
Naxçıvan xalçalarının dünya bazarında satışının həyata keçirilməsi üçün, ilk növbədə, onun təbliği və təqdimatı vacib şərtlərdəndir. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkələrdə xalçaçılıq irsinin təbliği məqsədilə fotoşəkillər, videoçarxlar və məqalələr yerləşdirilmişdir. Muxtar respublikada istehsal olunan xalçaların xaricə aparılmasına müvafiq şərait yaradılmış, xalçaçılıqda istifadə olunan xammalın, avadanlıqların və alətlərin gömrük sərhəddindən sadələşdirilmiş qaydada keçirilməsi təmin edilmişdir.
Sərhəd keçid məntəqələrində olan elektron məlumat guşələrində yerləşdirilən videoçarxlarda məlumatların muxtar respublikaya gələn turistlərə çatdırılması təmin edilmiş, infoköşklərdə şəxsi istifadə məqsədilə malların, o cümlədən xalçaların gömrük sərhəddindən keçirilməsi qaydalarına dair qanunvericilik yerləşdirilmişdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılacaq xalçalar iqtisadiyyata töhfə verməklə yanaşı, muxtar respublikada özəl sektorun inkişafına da əlavə stimul yaradacaqdır.
Xalçatoxuma sahələrini xammalla təchiz etmək və ixtisaslı kadrların hazırlanması, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi istiqamətində işlər davam etdirilib. Əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi məqsədilə Naxçıvan Şəhər Peşə Liseyi, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəblərində “Xalçaçı” peşəsi üzrə ümumilikdə 3 qrup üzrə 31 müdavim kursu başa vurmuş, 1 qrup üzrə isə 12 müdavim Ordubad Texniki Peşə və Sürücülük məktəbində təhsilini davam etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Qarışıq Cəzaçəkmə Müəssisəsində məhkum qadınlardan ibarət “Xalçaçı” kursu təşkil olunub.
Naxçıvan xalçaçılıq məktəbini elmi cəhətdən və sistemli şəkildə araşdırması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası istiqamətində Naxçıvan Müəllimlər İnstitutunda keçirilən “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” adlı konfransda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi seminarında “Naxçıvanda xalçaçılıq məktəbi”, AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında “Naxçıvanda xalçaçılıq sənətinin meydana gəlməsi və inkişaf yolları” mövzusunda məruzələr edilmişdir.
Qeyd edək ki, ötən dövrdə Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması məqsədilə AMEA Naxçıvan Bölməsində aparılan tədqiqat işləri ilə əlaqədar bir monoqrafiya nəşr olunub, üç elmi məqalə isə çapa təqdim edilib. Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərin tədris planına salınması və tədrisinin təşkili məqsədilə Naxçıvan Dövlət Universitetinin “Təsviri incəsənət müəllimliyi” və “Rəngkarlıq” ixtisaslarında diplom işləri mövzuları, elmi-tədqiqat işləri mövzuları, Tələbə Elmi Cəmiyyəti işləri mövzuları təyin olunarkən “Naxçıvan xalçaçılıq tarixi”, “Naxçıvan xalçaçılıq məktəbi” və “Naxçıvanda xalçaçılığın inkişafı” ilə bağlı mövzulara daha çox yer verilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaiti nəşr olunmuş, magistr təhsil səviyyəsinin “Təsviri incəsənət tarixi və nəzəriyyəsi” ixtisası üçün “Xalçaçılıq” fənnindən fənn proqramı tərtib edilmiş, bakalavr təhsil səviyyəsinin “Təsviri incəsənət müəllimliyi” ixtisasının Tədris proqramına Xalçaçılıq fənni daxil edilmişdir.
Naxçıvan Dövlət Universitetinin müəllimləri “Naxçıvan xalçalarında naxışların bədii xüsüsiyyətləri”, “Tariximizin yun kitabələri-Naxçıvan xalçaları” adlı məqalələr və “Naxçıvan xalçası”, “Muğam üçlüyü” adlı əsərlərlə keçirilmiş tədbirlərdə iştirak etmişdir. Xalça ornamentlərini öyrənən tələbələr Azərbaycan xalça məktəbinin ənənələrinə uyğun dekorativ tətbiqi sənət nümunələri kimi tapşırıqlar yerinə yetirmiş, bu mövzularda təşkil olunan sərgilərdə iştirak etmişdir. “Memarlıq” ixtisasında seçmə fənn olan “Xalçaçılıqda memarlıq ornamentləri” fənni tədris planına daxil edilmişdir. “İstedadlı xanımların əl işləri” sərgisində “Təsviri incəsənət müəllimliyi” və “Rəngkarlıq” ixtisaslarında təhsil alan tələbələr “Xalçaçılıq” mövzusunda yaratdığı əsərlərlə iştirak etmişdir.
Naxçıvan Müəllimlər İnstitutunda “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə bakalavr hazırlığı üçün mövcud tədris planının ixtisas-peşə fənləri bölümünün seçmə fənləri sırasına “Naxçıvan xalçaçılıq məktəbi” adlı seçmə fənn daxil olunmuş, uyğun fənn proqramı hazırlanıb təsdiq və çap edilmişdir. “Naxçıvan xalçaçılıq məktəbi” fənninin təcrübi məşğələlərini səmərəli təşkil etmək, gənc tələbələrdə bu sənətə daha da maraq yaratmaq məqsədilə “Xalçaçılıq” tədris emalatxanası yaradılmış, emalatxana zəruri avadanlıqlar və toxuculuq materialları ilə təchiz olunmuş, mütəxəssislərin rəhbərliyi altında qısamüddətli toxuculuq kursları təşkil edilmiş, tələbələrin təcrübi məşğələlərinin təşkili ilə yanaşı, əməkdaşların və tələbələrin iştirakı ilə Naxçıvan Müəllimlər İnstitutunun loqosunu əks etdirən ilk xalçanın toxunuşu başa çatdırılmışdır.
Nəticə etibarilə, muxtar respublikada Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi, təbliği və inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlər xalçaçılıq sahəsində maddi və mədəni irsin qorunması, yeni iş yerləri yaradılması, xalçaçılıq sahəsində, o cümlədən yun tədarükü və emalı, yun ipliklərin istehsalı üzrə ixtisaslı kadrların formalaşması, “Naxçıvan Xalçasının” rəqabət qabiliyyətinin və ixrac potensialının artması, Naxçıvanın tarixi xalçaçılıq mərkəzinə xas olan qədim çeşnilərin bərpa edilməsi və tarixi adın özünə qaytarılması yeni mərhələnin başlanğıcına çevrilmişdir. Şübhəsiz ki, bu mərhələ dekorativ tətbiqi sənətimizin möhtəşəm nümunəsi olan xalçaçılığın Naxçıvan Muxtar Respublikasında inkişafına özünün böyük töhfələrini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti