Əhalinin ərzaq məhsulları ilə təminatı yüksək səviyyədədir

   

   Müasir dövrdə etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtlərindən biridir. Məhz buna görə də cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.

   Bu gün muxtar respublikada əhalinin gündəlik tələbatının ödənilməsi üçün anbarlarda ərzaqlıq buğda, un,  ət və süd məhsulları, yumurta, bitki yağları, unlu və şəkərli qənnadı məmulatları, dənli-paxlalı bitkilər, duz, spirtli, mineral və qazlaşdırılmış aromatlı içkilər, kimyəvi yuyucu vasitələr və yanacaq məhsulları mövcuddur.

   Bunun strateji məhsullar qrupuna daxil olan 10.032,0 ton ərzaqlıq buğda, 553,0 ton un, 2.375,0 ton şəkər tozu, 25,3 ton qənd, 72,0 ton unlu-qənnadı məmulatları, 52,2 ton makaron, 32,5 ton ət və ət məhsulları, 336,0 ton heyvan və bitki mənşəli yağlar, 30,5 ton çay, 152,0 ton duz, 503,4 ton kartof, 295,0 ton soğan, 315,0 ton alma, 342 min ədəd yumurta məhsullarıdır.

   Son illər ərzində rayon və kəndlərdə  kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadənin səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2019-cu ildə muxtar respublikadan tərəvəz məhsulları, o cümlədən soğan məhsulu ixrac olunmuşdur.

   Bu gün muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinin anbarlarında və digər ərzaq anbarlarında mövcud olan ehtiyat əhalinin əsas ərzaq məhsullarına olan tələbatını 3 aydan 6 ayadək  ödəmək iqtidarındadır. Hal hazırda anbarlarda olan kənd təsərrüfatı məhsulları yeni-mövsümi məhsullar istehsal olunanadək  əhalinin tələbatını tam ödəyəcəkdir.   

   Daхili bazarda ərzaq məhsullarına olan tələbatın müəyyənləşdirilməsi istiqamətində mütəmadi olaraq mоnitоrinqlər keçirilir, hər hansı məhsul üzrə azalma müşahidə olunduqda həmin məhsulun tələbata uyğun istehsalı və idxalı həyata keçirilir. Haliyədə bazarlarda ərzaq məhsullarının azalması müşahidə olunmur, bütün məhsullar üzrə tələbat tam ödənilir.   

   Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı ilə bağlı qarşıya qoyulmuş tələblərdən biri də emal müəssisələrinin yaradılmasından ibarərdir. Bu gün muxtar respublikada 430-dan çox sənaye müəssisəsi fəaliyyət göstərir. Belə ki, 2019-cu ildə muxtar respublikada yaradılmış istehsal sahələrinin 85 faizini ərzaq məhsulları istehsal edən sahələrtəşkil etmişdir. Bu sahələrdə istehsal olunan məhsullar ət və süd məhsulları, quş əti, təbii bal, yabanı növ bitkilərin konservləşdirilməsi, spirtli içkilər, unlu qənnadı məmulatları, bağçılıq, tərəvəz və digər məhsullardan ibarətdir.

    Göründüyü kimi, həyata keçirilən tədbirlər muxtar respublikada sabit və adekvat ərzaq təklifinin formalaşdırılması, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və hər bir vətəndaşın ərzaq məhsulları ilə etibarlı təminatına zəmin yaratmışdır.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti