Naxçıvan Biznes Mərkəzində təlimlərə start verilib

   

   Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri təlimlərə cəlb edilib. Tədbirdə Maliyyə Tədris Mərkəzinin direktoru Sevinc Cabbarova təlimin əhəmiyyəti və məqsədi barədə danışıb. 

Hüquqi şəxslər tərəfindən cəlb olunan işçilərin muzdlu işdən aylıq gəlirlərinə tətbiq edilən əsas vergi güzəştləri, İcbari tibbi sığortanın tətbiqi ilə bağlı Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verilib.

   Çıxış edənlər təşkilatlarda tətbiq olunacaq tibbi sığortanın formaları, icbari tibbi sığortanın iştirakçılarının hüquq və vəzifələri, icbari tibbi sığorta üzrə sığorta haqları, onların məbləğləri və dərəcələri, hesablanması, ödənilməsi, hesabatın təqdim olunmasından danışıblar.

   Sonda mövzu ilə bağlı dinləyiciləri maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb və iştirakçılara təlimin əsas məqamlarının əks olunduğu bukletlər təqdim edilib.

   Qeyd edək ki, Maliyyə Nazirliyinin Maliyyə Tədris Mərkəzi tərəfindən 5 mart tarixindən icrasına başlanılan “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Vergi Məcəlləsində edilmiş əlavə və dəyişikliklərlə bağlı təlimlər davam etdirilir. Qısa zaman kəsiyində keçirilən təlimlər 68 büdcə təşkilatlarından 77 maliyyə-mühasibatlıq işçisini əhatə edib. 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti