Muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanları genişlənir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını artmaqla yanaşı iqtisadi əlaqələrimizi daha da genişləndirmişdir.

Belə ki, 2020-ci ilin ötən dövründə 4 sahibkarlıq subyektinin 17 nümayəndəsi 3 beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etmiş, muxtar respublikada istehsal olunan ərzaq məhsulları Rusiya Federasiyasında keçirilən “ProdExpo-2020”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood-2020” sərgilərində nümayiş olunmuşdur. 

Xarici bazarlara çıxışın təmin edilməsində muxtar respublikada fəaliyyət göstərən şirkətlərə ixrac təşviqlərinin verilməsi, onlara xarici bazarlara çıxış üçün müxtəlif dəstək mexanizmlərinin tətbiqi dairəsi genişləndirilmişdir. Belə ki, cari ilin ötən dövrü ərzində 4 ixrac əməliyyatı üzrə dəyəri 7 min manatdan çox ixrac təşviqi sənədi verilmişdir.

Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssisələrdə istehsal olunan vafli məhsulları, tütün məmulatları, sement, travertin, mərmər, mebel məmulatları, mineral sular 2020-ci ilin yanvar-mart ayları ərzində 8 ölkəyə ixrac olunmuş, muxtar respublikada istehsal olunan məhsulların ixracı məqsədilə 35 halda mənşə sertifikatının verilməsi təmin edilmişdir.

İxracın daha da artırılmasına nail olmaq üçün qarşıda duran əsas istiqamət isə yerli xammala əsaslanan rəqabət qabiliyyətli və yüksək keyfiyyətli məhsulların istehsalını təşviq etmək, müəssisələrin mövcud potensialını inkişaf etdirmək, məhsulların daha geniş məkanda təbliğini təmin etmək və real sektorda dayanıqlı ixraca nail olmaqdan ibarətdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti