Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 1 may 2020-ci il tarixli 163 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb.
Bununla yanaşı ölkə ərazisində regionlardan asılı olaraq bəzi fəaliyyət sahələri üzrə məhdudiyyətlər aradan qaldırılmış, bəzi sahələr üzrə isə saxlanılıb.
Buna əsasən, xüsusi karantin dövrü ilə əlaqədar (2020-ci il 31 mart - 31 may) vergi hesabatlarının verilməsinin və vergilərin ödənilməsinin son müddəti aşağıdakı kimi müəyyən edilib:
1. Fəaliyyətinə icazə verilən, o cümlədən regionlar üzrə fəaliyyətinə icazə verilən sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral və mart ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti - 5 may 2020-ci il.
2. Fəaliyyəti məhdudlaşdırılmış, o cümlədən regionlar üzrə fəaliyyəti məhdudlaşdırılmış sahələr üzrə vergi ödəyiciləri tərəfindən 2019-cu ilin yekunlarına görə mənfəət (gəlir) və əmlak vergisi üçün illik hesabatların, 2020-ci ilin fevral, mart və aprel ayı üçün aylıq hesabatların və 2020-ci ilin birinci rübü üçün rüblük hesabatların, habelə cari vergi ödəmələri üzrə müvafiq arayışın verilməsi və vergilərin, o cümlədən cari vergi ödəmələrinin ödənilməsi müddəti - 31 may 2020-ci il.