Sirab– Naxçıvanın müalicəvi brendi

  Doğma diyarımızdakı əlverişli coğrafi mühit, bol təbii sərvətlər hələ Neolit dövründən insanların bu ərazidə məskunlaşmasına, öz maddi və mənəvi ehtiyaclarını yerli xammalla təmin etməsinə səbəb olmuşdur. Muxtar respublika ərazisində olan təbii sərvətlərdən biri də onun termal və mineral su yataqlarıdır. Spesifik geoloji-tektonik quruluş burada müxtəlif kimyəvi tərkibli, fiziki xüsusiyyətli, temperatur və debitli mineral, eləcə də termal suların əmələ gəlməsinə şərait yaratmışdır. Ərazidə yaşayan insanlar min illərdir ki, bu sulardan istifadə etmiş, onların müxtəlif xəstəliklərin müalicəsində əhəmiyyətini təyin edərək müalicə üsullarını emprik yolla nəsildən-nəslə ötürmüşlər. Müasir dövrdə də dəri xəstəliklərinin müalicəsində bulaqlardan təbii halda çıxan çoxçeşidli sulardan istifadə olunur. Bu cür müalicəvi süfrə sularından biri də muxtar respublikamızdan və ölkəmizdən kənarda şöhrət tapan, adıyla və dadıyla seçilən “Sirab” mineral suyudur. Sirab kəndi ərazisində olan bəzi toponimlər yerli əhalinin mineral sulara qədim dövrlərdən bəri böyük əhəmiyyət verdiyini göstərir. Tədqiqatçıların bir çoxu Sirab kəndinin adının etimologiyasını “Sirli su”, “Baş su”, “Ən yaxşı su” kimi izah edirlər. Sirab kəndinin şimal-şərqində 4 kilometr məsafədə, əsasən, antik və ilk orta əsrlərə aid “Nuvars yaşayış yeri” mövcuddur. Fikrimizcə, bu oykonimin birinci hissəsi “Nuv”, “Nuf”, “Nuh”, ikinci hissəsi isə “As” və ya “Aras” kimi izah edilməlidir. “As” və “Aras” sözləri isə türkdilli xalqlarda su mənasında işlədilir. Ümumilikdə, Nuvars sözü “Nufaras”, “Nuh suyu”, “Həyat verən su” “Peyğəmbər suyu” mənalarında işlədilmişdir. Buradakı mineral çöküntülər yaşayış yerində yüz illərboyu mineral su axdığını təsdiq edir. Muxtar respublika ərazisində olan mineral bulaqların bəzilərinin müəyyən zaman kəsiyində minerallarının çökməsi nəticəsində çıxış borusu qapanır və mineral su kənar sahələrdəki bulaqlardan çıxmağa başlayır. Sirab kəndindəki Şorsu və Kəlbəağıl su sahələri arasında “Əhəngağıl” adlandırılan yerin yaxınlığında uzun illər mineral suyun axdığını təsdiq edən çöküntülər mövcuddur. Elmi ədəbiyyatda da göstərilir ki, termal mineral sular yer üzərinə təzahür edərkən müxtəlifşəkildə çöküntülər əmələ gətirirlər. Bu çöküntülər dənəvarı, kristallıq,stalaktit,stalaqmit və tozvarı şəkildə olur. Onlar aroqonit, travertin, oxra və başqa mineral maddələri əmələ gətirir. Bu çöküntülər miqdarca çoxluq təşkil etdiyindən sənaye əhəmiyyətinə malik olurlar.

Məsələn, “Sirab” mineralsu yatağında əmələ gələn aroqonitlərdən əla növ mərmər kimi istifadə edilirdi. Lakin mərmər ehtiyatının azlığı səbəbindən istifadə dayandırıldı. “Sirab” mineral suyu dedikdə Sirab kəndi ərazisində bir-birindən aralı müxtəlif su qaynaqları nəzərdə tutulur. Bunların ən məşhuru isə Şorsu və Kəlbəağıl dərəsində çıxan mineral bulaqlardır. Əvvəllər “Sirab” suyu Kəlbəağılda təbii halda bir yerdən, çox da böyük olmayan debitlə çıxırdı. Həmin sahədə bir metr diametrində təndir kimi çala əmələ gətirmişdi. Bulaq 1 kilometrə yaxın uzunluğu olan çay dərəsinin başlanğıcında yerləşirdi. 

Həmin sahədə bu gün də kars süxurlarının yuyulması nəticəsində əmələ gələn örtülü arxac (ağıl) vardır. Elə “Kəlbəağıl” toponimi də buradan yaranmışdır. “Kəlbə” ya ad, ya da “Kərbəlayı” sözünün xalq dilində qısaldılmış formasıdır. Görünür, ağıl həmin şəxsə məxsus olmuşdur. Şorsu dərəsində isə 0,5 kilometrlik məsafədə 10 bulaqdan 4-ü nisbətən çoxdebitli olmuşdur. Bəziləri isə buruq quyuları qazılarkən itmişdir. Burada qazılmış iki buruq quyusunun materialları 1080 metr dərinliyə qədər sahənin geoloji quruluşu və çat tektonikası haqqında tam təsəvvür yaradır. Mütəxəssislər təsdiq edirlər ki, Şorsu sahəsində istərtəbii bulaqlar, istərsə də artezian quyularındakı sular “Borjomi” tiplidir. Sirab kəndində 1950-ci illərin əvvəllərində qazılan iki nömrəli buruqdan fontan şəklində çıxan su sonradan sex şəraitində şüşələrə dolduruldu. Beləliklə, 70 il bundan öncə ilk dəfə olaraq “Sirab” mineral suyunun sənaye üsulu ilə istehsalına başlanıldı.

Buna qədər təbii qaynaqdan axan suyu insanlar fərdi qaydada butulkalara doldurub satışa çıxarırdılar. 1950-1960-cı illərin yaz-yay mövsümündə mineral suyun yatağına istər kənd əhalisi, istərsə də kənardan gələnlər böyük maraq göstərirdilər.Avtomobili olmayanlar belə, bu suyun sorağı ilə uzaq məsafəni piyada qət edib kəndə gələr, müalicəvi sudan istifadə edər, evlərinə aparardılar. Mineral sular əhaliyə çox qədim zamanlardan məlum olsa da, muxtar respublikanın mineralsuları haqqında elmi ədəbiyyatda məlumat 1930-cu ildən verilir (A.A.Florinin, 1930, Əziz Əsgərov, 1954). İlk vaxtlar bəzi geoloqlar mineralsuları qısa şəkildə təsvir etmişlər.

 İlk dəfə geologiyamineralogiya elmləri doktoru, professor mərhum Mirəli Qaşqay bir sıra mineralsu yataqları, o cümlədən “Sirab” haqqında “Azərbaycanın mineral su yataqları” (1952) monoqrafiyasında geniş məlumat vermişdir. Görkəmli alim, hidroloq, professor Əziz Əsgərov 1939-cu ildən Naxçıvan Muxtar Respublikasının mineral su bulaqlarının öyrənilməsi ilə ciddi məşğul olmağa başlamışdır. 1950-ci ildən etibarən o, bütün qüvvəsini “Sirab” karbon qazlı mineral su yatağının tam öyrənilməsinə yönəltmişdir. 1952-ci ildə isə Azərbaycan SSR Geologiya İdarəsinin Hidrogeoloji Ekspedisiyası tərəfindən “Sirab” mineral su yatağında tədqiqat, 1959-1966-cı illərdə “Azərbminsugeokaptaj” Respublika Ekspedisiyası Ramazan Əliquliyevin rəhbərliyi və iştirakı ilə kompleks geoloji xəritəalma, kəşfiyyat, hidrogeoloji və təcrübi işlər aparılmışdır.Bu su yatağının öyrənilməsində Sirab və Məmmədrza Dizə kəndinin sakinlərinin də zəhməti az olmamışdır. Onlardan Vəli Paşayev, Qasım Fərzəliyev, buruq ustaları Nəcəfxan Həsənəliyev, Fərəməz Quliyev, Beytulla İmanov,Abbasəli Bağırovun adlarını çəkmək olar. Sirab hidrogeoloji partiyasının qazma işləri üzrə texniki rəhbəri Seyfulla Orucov və texnik Orucəli Fərzəliyev hazırda yaşayırlar. Muxtar respublikada ilk dəfə alimlərdən Rza Rzayev “Sirab” mineralsuyunu aerozolşəklində yuxarı tənəffüs yollarının xroniki xəstəliklərində müalicə məqsədilə xəstələrə tətbiq etmiş və çox gözəl nəticələrə nail olmuşdur. Sonradan Burun-boğaz-qulaq xəstəlikləri şöbəsində 200 xəstə üzərində müayinə aparılmışdır. Hələ 1935-1936-cı illərdə Naxçıvan MSSR Səhiyyə Komissarlığının təşəbbüsü ilə “Sirab” mineral suyunun müalicə məqsədilə tətbiqi üçün təşəbbüs irəli sürülmüşdür. Lakin münasib şəraitin olmaması və o zaman bulaqlardakı suyun debitinin azlığı sonradan bu təşəbbüsü icrasız qoymuşdur.1950-ci ildən Naxçıvan MSSR Səhiyyə Nazirliyi tərəfindən yarımmexanikləşdirilmiş zavod yaradılmaqla, hər gün şüşələrə 2000 litrədək su doldurularaq Azərbaycanın rayonlarına “Naxçıvan suyu” adı ilə göndərilirdi. Naxçıvan Yerli Sənaye İstehsal İdarəsi tərəfindən çayın yatağında tikilmiş, çox da böyük olmayan sudoldurma sexinin ilk təşkilatçısı və icraçısı Qaraş Paşayev olmuşdur. O, “Sirab” mineral su istehsalının əsasını qoyanlardan sayılır. İki saylı quyunun sutka ərzində verdiyi 40 kubmetr su bu normaya kifayət edirdi. 1954-cü ildə baş verən güclü sel zavoda gedən yolu və sexin bir hissəsinisıradan çıxardığı üçün təbiətin bəxş etdiyi bu nemət bir müddət istifadəsiz qaldı. Daha sonra Şorsu dərəsinin girəcəyində təhlükəsiz yerdə taxtadan ikimərtəbəli bina qurularaq burada sexin fəaliyyəti davam etdirildi. İki nömrəli quyu ilə yanaşı, daşdan çıxan təbii bulağın suyundan da istifadə edilirdi və şüşələrə “Sirab” etiketi vurulurdu. Sexə rəhbərliyi yenə də Qaraş Paşayev edirdi. 1959-cu ildə “Sirab” mineral su yatağında böyük hidroloji tədqiqat işləri aparılmağa başlandı.Birilsonra Şorsu dərəsindəki bulaqların sutkalıq su debitinin azlığına görə sex Kəlbəağıl dərəsinə köçürüldü. Sonra “Sirab” mineralsu yatağının istismar ehtiyatı hesablandı, 1967-ci ildə dövlət ehtiyat komissiyası tərəfindən layihə təsdiqləndi və illik istehsal gücü 10 milyon şüşə olan zavod tikilib istifadəyə verildi. 1984-cü ildə bura yeni texnoloji avadanlıq tətbiq olundu və əlavə iki xətt quraşdırılaraq zavodun illik istehsal gücü 4,5 milyon butulkaya çatdırıldı.

1990-cı illərdə ölkədə siyasi və iqtisadi sahələrdə baş verən dağıdıcı proseslər bu zavodun da işini dayandırmasına və demək olar ki, tamamilə dağılmasına səbəb oldu. İstər zavodun köhnə binasında, istərsə də evlərdə antisanitar vəziyyətdə, kustar üsulla su doldurulmağa başlanıldı. Hamının ümumi etiketdən istifadə etməsi ilə istehsal olunan saxta “Sirab” suyu Şahtaxtı, eləcə də Sədərək gömrük-keçid məntəqələrindən satışa göndərilirdi. Müstəqillik illəri “Sirab” suyuna da, necə deyərlər, “yeni həyat” verdi. Bu dövrdə muxtar respublikada yeni istehsal sahələri yaradıldı, zəngin təbii ehtiyatlar aşkara çıxarılaraq istismara cəlb olundu,sənaye müasir texnika və texnologiya ilə təchiz edildi. 2003-cü ildə “Sirab” Mineral Sular ZavoduAçıq Səhmdar Cəmiyyətinə çevrildi. Sonrakı illərdə dövlət maliyyə dəstəyi hesabına Babək “Sirab”ASCAvropa, Rusiya və Türkiyənin bir sıra firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar aldı.

Hazırda “Sirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” təbii mineral müalicəvi süfrə suyunun müxtəlif həcmli plastik və şüşə butulkalara doldurulması həyata keçirilir. Bu gün 100-dən çox işçinin çalışdığı müəssisədə 21 çeşiddə məhsul istehsal olunur.

Maddələr mübadiləsinin pozğunluğu, qaraciyər, öd, mədə-bağırsaq, tənəffüs yolları, allergik rinit xəstəliklərindən əziyyət çəkən insanlara “Sirab” içmələri məsləhət görülür. Bu gün süfrələrimizin bəzəyi olan suyun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Minerallarla zəngin olan “Sirab” daxili tələbatı ödəməklə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Küveyt, Ukrayna və Baltikyanı ölkələrə ixrac edilir. Bu məqamda mühüm bir faktı qeyd edək ki, ötən il ərzində zavodda istehsal olunan 1 milyon 134 min 954 ədəd müxtəlif ölçüdə qazlı və qazsız, şüşə qazlı, premium şüşə qazlı və qazsız məhsullar xarici ölkələrə göndərilib. Müəssisə cari ildə Ukrayna Respublikasına 20 min 450 ədəd olmaqla, müxtəlif ölçüdə və tərkibdə məhsul ixrac edib.Belə proqnoz edilir ki, “İxrac ili”ndə istehsal artırılaraq 1 milyon 248 min 368 ədəd müxtəlif ölçüdə qazlı və qazsız su muxtar respublikadan xaricə çıxarılacaq.

“Sirab” ASC-də bütün istehsal prosesi İSO standartlarına, keyfiyyəti idarəetmə sisteminin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə Almaniyanın “IQNET”və “DQS” sertifikatlaşdırma təşkilatı tərəfindən İSO 9001- 2015 və İSO 22000-2005 standartlarına uyğunluğu təsdiq olunaraq sertifikatlaşdırılmışdır.

Bu isə “Sirab” suyunun yüksəkkeyfiyyətli istehsalının göstəricisi və Avropa bazarına girişinin açarıdır. – Naxçıvanın müalicəvi brendi və ya 70 illik istehsal tarixi Bir sözlə, hər damlasında həyat olan “Sirab” suyu bu gün muxtar respublikamızdan və ölkəmizdən kənarda kifayət qədər alıcı kütləsi toplaya bilib. Mineral su artıq Naxçıvanın brend məhsullarından birinə çevrilib. Ötən tarixə nəzər saldıqda görürük ki, “Sirab” mineral süfrə suyu sənaye üsulu ilə istehsal olunduğu vaxtdan ötən 70 il ərzində bu məhsulun yüksək keyfiyyətlə buraxılmasına heç vaxt indiki qədər geniş imkanlar yaradılmayıb.

Uca Yaradanın bu torpağa bəxş etdiyi təbii ehtiyatlar, su mənbələri, istehsal olunan yüzlərlə məhsul beynəlxalq sərgilərdə iştirak etməklə, eləcə də reklam xarakterli videoçarxlar vasitəsilə tanıdılır, xarici bazarlara çıxarılır, satışı təşkil olunur. Bütün bunlar həm də Naxçıvanda sahibkarlara olan dövlət qayğısının əyani ifadəsidir.