Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərində kompleks quruculuq işləri aparılıb

 

Mayın 18-də Muğancıq-Mehrab kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, 224 şagird yerlik iki mərtəbəli məktəbdə 16 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı yerləşir. Kompüter otağında şagirdlərin informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün bütün imkanlar yaradılıb, məktəbdə internetə çıxışı olan 18 kompüter və 3 elektron lövhə quraşdırılıb. Elektron lövhə sinfində "Muxtariyyətin 95 ili" filmi nümayiş olunub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Muğancıq-Mehrab kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmiş, ümummilli liderimiz Heydər Əliyevin “Bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir”, - fikrini xatırladaraq demişdir: Ulu öndərimiz bu vəzifələri əsas tutaraq tövsiyə edirdi ki, orta məktəbi bitirən hər bir gənc mütləq özünə peşə seçməli, peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsilini davam etdirməlidir. Ümumtəhsil məktəblərində yaradılan şərait gənclərə peşə seçmək və gələcəkdə o peşə üzrə təhsillərini davam etdirməyə imkan verir. Bu gün istifadəyə verilən və müasir maddi texniki bazaya malik olan Muğancıq-Mehrab kənd tam orta məktəbində də şagirdlərin hərtərəfli təhsil alması, eləcə də peşə seçməsi üçün lazımi şərait vardır. Məktəbdə elektron lövhələr, kompüter sinfi, laboratoriyalar, kitabxana, fənn kabinələri və digər zəruri tədris avadanlıqları kollektivin istifadəsinə verilir. Həmçinin məktəbdə bütün ixtisaslarüzrə müəllimlər fəaliyyət göstərir.

Ali Məclisin Sədri demişdir: Son 5 ildə məktəbin məzunlarının 70 faizi, ötən tədris ilində isə məktəbi bitirən 3 məzunun hər biri ali məktəblərə qəbul olmuş, onlardan ikisi 500-700 arasında bal toplamışdır. Qazanılan nailiyyətlər dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, məktəbin 1 müəllimi “Tərəqqi” medalı ilə təltif olunmuş, 1 müəllimi isə “İlin müəllimi” adına layiq görülmüşdür. Kollektiv bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməli, hər bir gənc hərtərəfli təhsil almalı, peşə öyrənməli, ailəsi və ölkəmiz üçün yararlı vətəndaşa çevrilməlidir. Müəllimlər təhsilli, vətənpərvər və peşə sahibi olan gənclərin yetişdirilməsinə diqqəti artırmalı, keçilən dərsləri şagirdlərə qavramaq yolu ilə öyrətməlidirlər. Dövlətimiz tərəfindən bu işlərin görülməsində məqsəd ondan ibarətdir ki, məktəbi bitirən hər bir gənc gələcəkdə ölkəmizin inkişafına öz töhfəsini vermiş olsun.

Ali Məclisin Sədri qarşıda qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulamışdır.