Muxtar respublikada əhalinin etibarlı ərzaq təminatında quş əti məhsulları və yumurta isethsalı üzrə ixtisaslaşmış müəssisələrin böyük payı var. Belə ki, əhalinin bu kateqoriya ərzaq məhullarına olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Muxtar respublikada quşçuluq təsərrüfatı üzrə ixtisaslaşmış istehsal müəssisələrindən biri də “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisədə nəinki quş əti və yumurta, həmçinin damazlıq yumurta və cücə istehsalı sahələri də fəaliyyət göstərir. Cari ilin fevral ayında ailə və fərdi təsərrüfatların damazlıq yumurta və cücəyə olan tələbatını ödəmək məqsədilə müəssisə tərəfindən “Serebrist” sort damazlıq yumurta gətirilərək xüsusi nəzarət altında inkubatora yerləşdirilmiş, ətlik və yumurtalıq damazlıq cücə çıxarılaraq satılmışdır.
Hal-hazırda “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əhalinin, ailə və fərdi təsərrüfatların artan tələbatı nəzərə alınaraq ətlik, yumurtalıq “Serebrist” və digər sort cücələr gətirilmişdir. Qeyd etmək lazımdır ki, yumurtalıq sort cücələr il ərzində 330 yumurta vermək qabiliyyətinə malikdir. Həmçinin ətlik broyler cücələrin isə 45 gün ərzində çəkisini 2 kiloqrama qədər artırmaq xüsusiyyəti vardır.
Hal-hazırda müəssisədə 25 min “Serebrist” sort damazlıq yumurtalar inkubatora qoyulmuş, haliyyədə cücələrin inkubatordan çıxmı davam edir.
Ailə təsərrüfatları və sahibkarlıq subyektləri yeni gətirilən “Serebrist” və digər sort damazlıq cücələrin alışı ilə bağlı “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət (tel: (036) 554-21-20; 050 516 45 61) edə bilərlər.