Naxçıvanda 39 qadına sərmayə kapitalı verilib

 

Naxçıvan Biznes Mərkəzində pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi ilə bağlı tədbir keçirilib. Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan və Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun artırılması” adlı genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq keçirilib. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan və bir il ərzində davam edən “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin əsas məqsədi Naxçıvan Muxtar Respublikasında qadınların sahibkarlıq fəaliyyəti və mikromaliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqdan ibarətdir. Layihə öz bizneslərini açmaq və genişləndirmək istəyən qadınların, xüsusən də sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan qadınların iştirakı ilə muxtar respublikanın şəhər və rayonlarında həyata keçirilib.

Diqqətə çatdırılıb ki, layihə çərçivəsində “Gələcəyini planlaşdır” və “Öz biznesinə başla və inkişaf etdir” adlı 12 təlim keçirilib. Təlimlərdə 319 qadın iştirak edib. Layihənin yekununda uğurlu biznes planları ilə seçilən, muxtar respublikadan olan 63 qadına (o cümlədən 13 sağlamlıq imkanı məhdud qadına) 80 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 20 faizi isə toxuculuq, dərzilik, bərbərlik və sair sahələr ilə məşğul olmaları üçün 43 min 700 manat dəyərində sərmayə kapitalı verilib, həmçinin həmin qadınlarla müvafiq müqavilələr bağlanılıb.

“Ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında COVID–19 pandemiyasına qarşı kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, koronavirus pandemiyasının muxtar respublika iqtisadiyyatına, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, səhiyyə sahəsində qəbul edilən operativ qərarlar nəticəsində epidemiyanın təsirlərinin minimuma endirilməsinə nail olunub. Görülən tədbirlərin bariz nümunəsidir ki, digər sahibkarlarla yanaşı, Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara da iqtisadi dəstək göstərilir”, - deyən komitə sədri qeyd edib ki, bu çərçivədə “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq, pandemiya dövründə Naxçıvan Muxtar Respublikasında yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə, ümumilikdə, 39 qadına sərmayə kapitalı verilib.

Ramilə Seyidova bildirib ki, layihədə iştirak edən qadınlar ötən il keçirilən təlimlərdə iştirak edərək sertifikat alan, lakin sərmayə kapitalı almayan qadınlardır. Layihənin ikinci hissəsinin bu il mayın 1-dən iyunun 15-dək icrası nəzərdə tutulub və artıq qısa müddətdə uğurla icra olunub. Layihə çərçivəsində, ümumilikdə, 39 qadına 25 min 200 manat dəyərində sərmayə kapitalı verilib. Sərmayə kapitalı verilən qadınlar fəaliyyət istiqamətlərini məşğul olduqları sahələr üzrə quracaq və ya genişləndirəcəklər. Sərmayə kapitallarının 72 faizi ailə təsərrüfatını genişləndirmək və ya qurmaq üçün, 28 faizi isə dərzilik, bərbərlik, xalçaçılıq, rəssamlıq, zərgərlik, psixoloji xidmət sahəsi ilə məşğul olmaları üçün verilib.

Komitə sədri qadınların sahibkar kimi formalaşmasına və onların məşğulluqlarının təmin olunmasına, həmçinin bu layihənin yüksək səviyyədə, uğurla həyata keçirilməsinə göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Tədbirdə Azərbaycan Mikromaliyyə Assosiasiyasının Layihə rəhbəri Sevinc Rüstəmova layihə haqqında ətraflı məlumat verib, qadınlara sahibkarlıq fəaliyyətlərində uğurlar arzulayıb. Tədbir çərçivəsində keçirilən sessiyalarda layihə rəhbəri koronavirus haqqında, həmçinin onun simptomları, yayılma yolları, yoluxma riskindən qorunma tədbirləri barədə layihə iştirakçılarına slayd vasitəsilə ətraflı məlumat verib, qadınlara koronavirusdan qorunma vasitələri (tibbi maska, tibbi əlcək) paylanılıb.

Sonra Şərur rayonundan 6, Sədərək rayonundan 4, Şahbuz rayonundan 5, Kəngərli rayonundan 4, Culfa rayonundan 1 qadın olmaqla, ümumilikdə, 20 qadına sərmayə kapitalları ilə əlaqədar imzalanmış müqavilələr təqdim olunub.

Layihə iştirakçıları göstərilən qayğı və dəstəyə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.