Milli qurtuluşdan başlanan inkişaf yolu

15 iyun xalqımızın dövlətçilik və özünə qayıdış tarixində mühüm rol oynayan gündür. Bu tarixi günün qalibi Azərbaycan xalqı, müəllifi isə bu qalibiyyəti xalqına əbədi olaraq bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevdir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etsə də, qısa müddətdə ölkəmiz bu müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. AXC-Müsavat hakimiyyətinin naşı və yarıtmaz fəaliyyəti nəticəsində ictimai həyatın bütün sahələrində hərc-mərcliyin baş alıb getməsi ölkədə cinayətkar ünsürlərin fəaliyyətini genişləndirmiş, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyət yaratmışdı. Dövlət idarəçiliyindəki kobud səhvlərin nəticəsi olaraq respublikamız ciddi ictimai-siyasi problemlərlə, o cümlədən iqtisadi çətinliklərlə, ən başlıcası isə nankor qonşularımızın təcavüzü ilə üzüzə qalmışdı. Belə gərgin vəziyyətdə - hakimiyyətdə olanların səriştəsizliyindən dövlətin və dövlətçiliyin iflic vəziyyətinə düşdüyü vaxtda xalq nicat yolunu yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. Çünki, yalnız Heydər Əliyev dühası, onun siyasi uzaqgörənliyi, idarəçilik təcrübəsi, bu böyük şəxsiyyətin əzəmət və qüdrəti, hörmət və nüfuzu xalqın gələcəyinə işıq tuta bilərdi. Məhz xalqımızın xahiş və tələbi ilə görkəmli dövlət xadiminin siyasi hakimiyyətə qayıdışı ölkəmizin taleyində sabitliyin, tərəqqinin, inkişafın əsasını yaratdı. Milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkəmiz böyük uğurlara imza atdı. Dünya Azərbaycana Heydər Əliyev zirvəsindən baxmağa başladı. Bəli, 1993-cü ildən başlayan və on il davam edən zaman məsafəsi xalqın düzgün qərar qəbul etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkənin ən ağır və məsul dövründə onu qurtuluş və tərəqqi yolu ilə aparmağa qadir olan yeganə şəxsiyyətin məhz ümummilli lider Heydər Əliyev olduğunu bir daha təsdiqlədi. 1993-cü il iyunun 15- də ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı ölkəmizin ən yeni tarixinə Milli Qurtuluş Günü, eyni zamanda tərəqqi, yüksəliş, quruculuq işlərinin yeni mərhələsi kimi yazıldı. Həmin gün dövlətçiliyimizin gələcək mövcudluğunun təməli qoyuldu. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Həmin dövrdə dahi şəxsiyyətin xalqdan güc alan qətiyyəti tezliklə öz bəhrəsini verdi, vətəndaş qarşıdurması, dövlətçiliyin məhv olmaq təhlükəsi qısa müddətdə aradan qaldırıldı. Bütün bunlarla paralel şəkildə sosial-iqtisadi və mədəni sahələrin inkişafı diqqət mərkəzinə alındı. Ulu öndərin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan qurtuldu, xalqımızın milli qüruru özünə qaytarıldı, millət, torpaq, Vətən sevgisi bərpa olundu. Müharibə şəraitində yaşayan Azərbaycan üçün ən vacib məsələlərdən sayılan ordu quruculuğu istiqamətində uğurlu addımlar atıldı. 1994-cü ilin mayında cəbhədə atəşkəs əldə olundu. Heydər Əliyev siyasətinin başlıca prinsiplərindən biri böhran vəziyyətində olan iqtisadiyyatın dirçəldilməsi, bu məqsədlə ölkəyə xarici sərmayələrin cəlbi idi. Bu siyasətin reallaşmasının mühüm və əsas istiqamətlərindən biri 1994-cü ildə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft kontraktının imzalanması oldu. Böyük uzaqgörənliklə imzalanan və Azərbaycanda yeni neft strategiyasının əsasını qoyan bu müqavilə iqtisadiyyatımızın dirçəldilməsində böyük bir mərhələnin başlanğıcını qoydu. Həyata keçirilən islahatlar nəticəsində kənd təsərrüfatı dirçəldildi, xidmət sahələrinin fəaliyyəti genişləndirildi, sahibkarlığın inkişafına geniş meydan açıldı. İqtisadiyyatın inkişafı yeni sosial- mədəni obyektlərin tikilməsinə, təhsil, mədəniyyət və səhiyyə sahələrinin normal fəaliyyət göstərməsinə imkan verdi. Beləliklə, Azərbaycan Respublikası hərtərəfli tərəqqiyə, iqtisadi inkişafa qovuşdu, bu sahədə dünyanın inkişaf etmiş dövlətləri sırasına qalxdı. Bir sözlə, ulu öndər Azərbaycanı nəinki təhlükələrdən xilas etdi, həmçinin onu davamlı inkişaf yoluna çıxararaq gələcəyə inamla baxan bir dövlətə çevirdi. Bu gün Heydər Əliyev siyasətinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Hazırda Azərbaycan Avropanın enerji təminatında aparıcı dövlətlərdən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, Azərbaycanın yeniləşməsi, modernləşməsi doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə geniş imkanlar açıb. Bütün bunlar ulu öndər tərəfindən müəyyənləşdirilmiş strategiyanın uğurlu davamının nəticəsidir. Azərbaycanın yüksəlişi, dünya birliyində özünə layiqli yer tutması, söz sahibinə çevrilməsi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan quruculuq və inkişaf strategiyası uğurla davam etdirilir. Doğma Naxçıvanımız hərtərəfli inkişafın yeni mərhələsindədir. Bu, 15 İyun - Qurtuluş Günündən başlanan işıqlı yolun təntənəsidir. Keçən dövr ərzində muxtar respublikamız öz simasını, sözün həqiqi mənasında, tamamilə dəyişmiş, əsrə bərabər inkişaf yolu keçmişdir. Blokada şəraitində yaşamağına baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində muxtar respublikamız ulu öndər Heydər Əliyevin ideyalarının işığında həyatının yüksək inkişaf mərhələsini yaşayır. Yeni yaradılan sənaye və istehsal müəssisələri, tikilən sosial-mədəni obyektlər, inzibati və yaşayış binaları, kənd mərkəzləri, yollar, körpülər, parklar bu qədim diyarın görkəmini günbəgün dəyişir. Ümumiyyətlə, günü-gündən çiçəklənən, gözəlləşən, yeniləşən doğma Naxçıvanımızın mərkəzindən tutmuş, ucqar dağ kəndlərinə, sərhəd məntəqələrinə qədər hər yerində Heydər Əliyev ideyalarının təntənəsini görürük. Bu mənada muxtar respublikanın ən gənc rayonu olan Kəngərli rayonunda da görülən işlər ürəkaçandır. Rayonumuzun hərtərəfli inkişafı göz qabağındadır. Müstəqilliyimizin bəhrəsi olan bu gənc rayonun yaradıldığı dövrdən keçən 16 il ərzində bütün yaşayış məntəqələrində müasir infrastruktur yaradılmış, abad yollar salınmışdır. Hər bir kənddə müasir kənd və xidmət mərkəzləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri və digər sosialyönümlü obyektlər tikilərək vətəndaşların istifadəsinə verilmişdir. Yeni istehsal müəssisələrinin işə salınması ilə geniş iqtisadi potensialın əsası qoyulmuş, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsizliyin aradan qaldırılması, güzəranlarının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Kənd təsərrüfatı rayonu kimi ixtisaslaşan Kəngərlidə aqrar sahə də daim diqqət mərkəzində saxlanılır, bu sahənin inkişafına göstərilən dövlət dəstəyi sayəsində rayonda min hektarlarla torpaq sahəsi əkin dövriyəsinə qatılmışdır. Mütərrəqi suvarma metodlarının tətbiqi, qapalı suvarma şəbəkələrinin qurulması rayonda əkinçiliyin inkişafı üçün geniş imkanlar açmışdır. Bəli, günü-gündən gözəlləşən, tərəqqi edən Kəngərli rayonu bu gün özünün yeni inkişaf mərhələsindədir. Bu tərəqqi, bu yüksəliş tariximizə qızıl hərflərlə həkk olunmuş Milli Qurtuluş Günündən başlanan işıqlı yolun təntənəsidir.