Ötən günlərdə Türkiyə Respublikası Ticarət Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi təşkil olunmuşdur. Virtual sərgidə Türkiyə Respublikasının orqanik qida, heyvandarlıq və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən 100-dən artıq şirkəti iştirak etmişdir. Azərbaycanın digər regionları ilə yanaşı muxtar respublikanın qabaqcıl ailə təsərrüfatçılarından olan Mehparə Hüseynova da həmin sərgidə iştirak etmişdir.
Sərgi zamanı Mehparə Hüseynova innovativ kənd təsərrüfatı avadanlıqları, torpaq məhsuldarlığın artırılmasının intensivliyi, Türkiyə Respublikasına məhsul ixracı imkanları mövzularında “Selçuk” Universitetinin, “Prime” Agentliyinin və “MAİB” avadanlıq ixracatçıları assosasiyasının keçirdiyi onlayn seminarlarda iştirak etmiş, iştirakçı şirkətlərlə təcrübə mübadiləsi aparmışdır.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə muxtar respublika təsərrüfatçılarının bu cür beynəlxalq tədbirlərdə iştirakı beynəlxalq təcrübənin öyrənilməsi, yeni tərəfdaşların tapılması, ailə təsərrüfatları arasında təcrübə mübadiləsi aparılmasında əhəmiyyətli vasitədir.
Qeyd edək ki, “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi Türkiyənin aqrar sektorda ilk virtual sərgisidir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti