Koronavirus zamanı ticarət obyektlərində hansı tələblər yerinə yetirilməlidir

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi pandemiya ilə mübarizə çərçivəsində maarifləndirmə tədbirlərini davam etdirir. Bu istiqamətdə hazırlanan növbəti videoçarx karantin rejimində ticarət obyektlərində yerinə yetirilməli olan tələbləri özündə əks etdirir. Sadə və anlaşılan qrafik izah üzərində qurulan videoçarxda əsas diqqət hər bir ticarət obyektində həm əməkdaşların, həm də alıcıların sağlamlığının qorunmasının vacibliyinə, həm də infeksiyasının yayılmasına qarşı profilaktik tələblərə ciddi riayət edilməsinə yönəldilib. Bu tələblər isə ticarət obyektinin zəruri gigiyena vasitələri ilə təmin edilməsi və bu vasitələrin hamı üçün əlçatan olması, obyekt daxilində sosial məsafənin qorunmasına ciddi nəzarət edilməsi, ticarət obyektinin bütün əməkdaşlarının qoruyucu maska taxması, maskasız alıcıların obyektə daxil olmasına icazə verilməməsidir. Çarxda vurğulanan daha bir məqam odur ki, obyekt daxilində mütəmadi olaraq dezinfeksiya işləri aparılmalı, alıcıların sayına nəzarət olunmalı, zərurət yarandqıda istehlakçıların növbə ilə girişi təmin edilməlidir. 

Hər bir şəxs tərəfindən qaydalara riayət edilməsinin vacibliyi vurğulanan maarifləndirici çarx istehlakçılar və ticarət obyektlərinin əməkdaşları üçün nəzərdə tutulub.

 

 Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti