Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Son dövrlərdə ailə təsərrüfatlarının formalaşması, gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır.
Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar ailə təsərrüfatlarının inkişafını stimullaşdırmış, onların fəaliyyət sahələrini genişləndirməyə şərait yaratmışdır. Bu istiqamətdə cari ilin ilk altı ayı ərzində işlər davam etdirilmiş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən istixana, soyuducu anbar, heyvandarlıq və süd emalı, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qablaşdırılması, bağçılıq sahəsinin yaradılması məqsədilə 26 ailə təsərrüfatına 231 min manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi, təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə, bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə təkan vermişdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti