Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Son dövrlərdə ailə təsərrüfatlarının formalaşması, gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsi, eləcə də fəaliyyətlərinin stimullaşdırılması məqsədilə həyata keçirilən tədbirlər muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci və 2019-cu illərdə müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planlarının tərtib olunmasına köməklik göstərilmiş, onlara güzəştli şərtlərlə kreditlər, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və gübrələr verilmiş, istehsal etdikləri məhsullarının qablaşdırılması üçün taralarla təmin olunmuşlar.
Ailə təsərrüfatlarının əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında, eləcə də kənd yerlərində məşğullun təmin olunmasında müstəsna rolu var. Digər tərəfdən, aparılan məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artması əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla yanaşı, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır.
Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar ailə təsərrüfatlarının inkişafını stimullaşdırmış, onların fəaliyyət sahələrini genişləndirməyə şərait yaratmışdır. Bu istiqamətdə cari ilin ilk altı ayı ərzində işlər davam etdirilmiş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən istixana, soyuducu anbar, heyvandarlıq və süd emalı, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qablaşdırılması, bağçılıq sahəsinin yaradılması məqsədilə 26 ailə təsərrüfatına 231 min manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi, təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə, bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə təkan vermişdir.
. Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada arıçılığın inkişafına geniş imkanlar açır. Hazırda muxtar respublikada arı ailələrinin sayı artaraq 99 mini ötmüş, bu sahədə yüzlərlə ailə təsərrüfatı formalaşmışdır. 2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı” nın icrası ilə əlaqədar arıçılıqla məşğul olan ailə təsərrüfatlarına dəstək verilməsi ön plana çəkilmiş, arıçılara lazımi köməklik göstərilməsi, balverən bitkilərin əkininin dəstəklənməsi, damazlıq təsərrüfatının yaradılması da diqqətdə saxlanmışdır.
2020-ci ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən arıçılığın inkişafı istiqamətində 12 layihəyə 172.100 manat dəyərində dövlət maliyyə dəstəyi göstərilmişdir. Verilmiş güzəştli kreditlərdən səmərəli şəkildə istifadə etməklə ailə təsərrüfatlarının öz bizneslərini gözlənilən səviyyədə uğurla qurmaları və belə təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları bu sahədə müsbət təcrübənin formalaşdığını deməyə əsas yaratmışdır.
Ötən müddət ərzində ailə təsərrüfatlarının istehsal etdiyi məhsulların brendləşdirilməsi, qablaşdırma və dizaynların tərtib olunması kimi işlər həyata keçirilmişdir. “İstehsaldan marketə” prinsipinə əsaslanaraq ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə Naxçıvan Biznes Mərkəzinin nəzdində taraların satışı mağazası istifadəyə verilmiş, 280 ailə təsərrüfatı 3196 mindən çox tara ilə təmin olunmuşdur.
Hazırladıqları məhsulların özlərinə məxsus brend adı altında satışa çıxarılması ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda ailə təsərrüfatlarının 118 çeşiddən çox məhsulunun nümayişi təmin olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada ailə təsərrüfatlarında istehsal olunan məhsulların çeşidinin və rəqabətqabiliyyətliyinin stimullaşdırılması ilə yanaşı istehlakçıların ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynamışdır.
İstehsalın mühüm şərtlərindən biri keyfiyyət amilidir. Bu istiqamətdə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəznində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə ailə təsərrüfatlarında hazırlanan məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında keyfiyyət və təhlükəsizlik göstəricilərindən olan orqanoleptiki, fiziki, kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri üzrə laboratoriya təhlilləri aparılmışdır. Nəticədə 277 halda məhsullardan laboratoriya analizləri götürülmüş, nümunələrin keyfiyyət və təhlüləsizlik göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilmişdir.
Muxtar respublikanın qabaqcıl ailə təsərrüfatçılarından olan Mehparə Hüseynovanın xarici təcrübənin öyrənilməsi və yeni tərəfdaşların tapılması məqsədilə beynəlxalq “Aqrovirtual” onlayn kənd təsərrüfatı sərgidə iştirakı təmin olunmuşdur.
Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən diqqət və qayğı nəticəsidə onların gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsi heç şübhəsiz ümumi iqtisadi inkişafa öz tövhəsini verəcəkdir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti