Xalçaçılığın inkişafı ilə bağlı dövlət proqramının icrası uğurla davam etdirilir

Naxçıvanda xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin muxtar respublika ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyətidir. Bu sahənin inkişafı muxtar respublikada bu gün də diqqət mərkəzində saxlanılır. Belə ki, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, xalça çeşnilərinin bərpası, əllə toxunan xalçaların ixrac potensialının artırılması, eləcə də əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.

          Bu mənada 2020-ci ilin birinci yarımilində bir sıra təşkilati işlər görülüb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Cəlilkənd Buzxanasında yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 11 xalça toxunub və 6 xalçanın satışı həyata keçirilib, eləcə də 4 ədəd xalçanın toxunuşu davam etdirilib.  Həmçinin muxtar respublikanın rayonlarında da xalça toxuma sənətinin yaşadılması, xalçatoxuyanlarının fəaliyyətinin stimullaşdırılması işləri diqqətdə saxlanılıb. Belə ki, Sədərək rayonunda yerləşən xalçatoxuma müəssisəsində 5 xalçaçı tərəfindən milli ornamentli qədim çeşnilər əks olunan xalçaların toxunuşu davam etdirilib.

Naxçıvan xalçaları tarixən öz spesifik ornamentləri və toxunma üslubu ilə seçilib. Toxucu kadrların hazırlanması üçün xalça istehsalı emalatxanalarının fəaliyyət göstərdiyi şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil olunub, unudulmaqda olan ənənələrin bədii və texniki iş üsullarının bərpası gənc nəsillərə öyrədilib. Bu istiqamətdə  “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Xalq Yaradıcılığı Emalatxanasında cari ilin ötən dövründə 7 müdavim xalçaçılıq kursu keçərək, bədii və texniki iş üsullarını ­öyrənib. Müdavimlərə müvafiq sertifikatlar təqdim  olunub. Həmçinin bu işlərin davamı olaraq Ordubad Texniki Peşə və Sürücülük məktəbində 12 müdavim xalçaçılıq kursunu başa vuraraq serifikatla təmin olunub. Bununla yanaşı ümumtəhsil məktəblərinin şagirdlərinə də xalçaçılığın sirlərinin öyrədilməsi diqqət mərkəzində saxlanılıb, tədris ili ərzində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Xalçaçılıq” dərnəyi yaradılıb. Qədim ənənələrin yaşadılması, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi məqsədilə Naxçıvan Regional Peşə-Tədris Mərkəzində 19 nəfər qadından ibarət “Xalçaçı” kursu təşkil edilib. “Evdə qal, xalça toxu” devizi altında onlayn xalça yaradıcılıq müsabiqəsi elan edilməsi isə muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, kənd əhalisinin bu sənətə olan marağının artırılmasına səbəb olmuşdur.

Xalçaçılığın inkişafına göstərilən diqqət, xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu məqsədlə Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin xalça istehsalı müəssisəsinin qurulması, həmçinin  yaradılması davam etdirilən Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatını ödəməklə, idxaldan asılılığı aradan qaldıracaqdır.

Dövlət proqramının icrasına uyğun olaraq yaradılmış əllə toxunmuş xalçaların reyestrinə daxil edilmək üçün cari ilin 6 ayı ərzində 40 xalçanın pasportlaşdırılması ilə bağlı işlər həyata keçirilib.

Naxçıvan xalçaçılıq məktəbini elmi cəhətdən və sistemli şəkildə araşdırması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası Dövlət Proqramında qarşıya qoyulan prioritet vəzifələrdəndir. Bu istiqamətdə cari ilin ötən dövründə AMEA Naxçıvan Böl­məsinin təsdiq olunmuş elmi-tədqiqat planına əsasənTarix, Etnoqrafiya və Arxeologiya İnsti­tu­tunda “Naxçıvanda xalçaçılığın inkişaf tarixi” mərhələsi üzrə aparılan tədqiatlara dair Türkiyə Respublikasında keçirilən 3-cü Beynəlxalq Elmi Araşdırmalar Konqresində çıxış edilib, konqresin məruzələr toplusu çap olunub. Həmçinin, tədqiqatların nəticəsi kimi açıq dünya ensiklopediyası olan Vikipediyada toxuculuq sənəti haqqında mə­qa­lə yerləşdirilib. Respublikada və xaricdə bir sıra elmi jurnallara Naxçıvanda Toxuculuq sənətinin inkişafı, ipəkçiliyin toxuculuq sənətinin inkişafina təsiri, memarlıq abidələrində xalça motivləri mövzusunda məqalələr dərc edilib. Bu istiqamətdə AMEA Naxçıvan Bölməsində aparılan tədqiqat işləri ilə əlaqədar bir monoqrafiya nəşr olunub, üç elmi məqalə isə çapa təqdim edilib. Həmçinin “Naxçıvan milli geyim mədəniyyətinin formalaşmasında ipəkçiliyin rolu”, “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı”, “Naxçıvan xalçalarında Əcəmi möhürü” başlıqları altında məqalələr internet saytlarında yerləşdirilib.

 Xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası, Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərin tədris planına salınaraq tədrisin təkmilləşdirilməsi istiqamətində Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisaslarında “Naxçıvan xalçaçılıq tarixi”, “Naxçıvan xalçaçılıq məktəbi” və “Naxçıvanda xalçaçılığın inkişafı” ilə bağlı mövzular seçilərək tədqiqat obyekti kimi müəyyənləşdirilib. 

Özünəməxsus üsluba və qədim ənənələrə malik Naxçıvan xalçaçılıq məktəbinin qorunması və gələcək nəsillərə ötürülməsi, eyni zamanda bu işlərin elmi əsaslarla həyata keçirilməsi xalçaçılıq sənətinin qorunmasında  böyük rolu var. Bu məqsədlə Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrə “Naxçıvan xalçaçılıq məktəbi” seçmə fənninin tədrisinə başlanılıb, mütəmadi olaraq kompozisiya dərslərində xalça sənəti, onların çeşidləri, növləri və bölgələrə məxsusluğu ilə bağlı mühazirələr oxunub.

Naxçıvan xalçalarının dünya bazarında satışının həyata keçirilməsi üçün, ilk növbədə, onun təbliği və təqdimatı vacib şərtlərdəndir. Bu məqsədlə Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkələrdəki qrup və səhifələrində xalçaçılıq irsinin təbliği məqsədilə paylaşımlar edilib, gömrük sərhəd buraxılış məntəqələrində olan elektron məlumat guşələrində xalçalar haqda ərtaflı məlumatların əks olunduğu videoçarxlar yerləşdirilib.

      Muxtar respublikada xalçaçılıq sənətinin yaşadılması və inkişaf etdirilməsi məqsədilə  həyata keçirilən tədbirlər, göstərilən dövlət qayğısı, qəbul olunan proqramların vaxtında və uğurlu icrası heç şübhəsiz gələcəkdə xalqımızın milli sənət nümunəsi olan xalçaçılığın Naxçıvan Muxtar Respublikasında inkişafına özünün böyük töhfələrini verəcəkdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti