Ümumi iqtisadi inkişafda xüsusi çəkiyə malik məqamlardan biri də yüksək keyfiyyətli, yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu, həm də xarici ticarət tərəfdaşları ilə münasibətlərinin daha sürətlə inkişaf etməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə təsir göstərən əsas faktorlar sırasında yer alır. İxrac imkanlarının daim artan xətt üzrə inkişaf etməsi muxtar respublikada da həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması istehsal olunan məhsulların ixracının təkmilləşdirilməsinə, sahibkarlara yerli ixrac imkanlarından daha səmərəli istifadəyə şərait yaratmışdır.
Muxtar respublikanın iqtisadi qüdrətinin artması, həyata keçirilən diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən yüzlərlə müəssisənin fəaliyyəti xarici ticarətində müsbət meyillərə təkan vermişdir. Qazanılmış uğurlar muxtar respublikanın ixrac potensialının artmasını təmin etmiş, sənaye məhsullarının ixracının da genişlənməsinə səbəb olmuşdur. Belə ki, 2020-ci ilin 6 ayı ərzində muxtar respublikanın xarici ticarət dövriyyəsi 222 milyon 735 min 500 ABŞ dolları təşkil etmişdir ki, bunun da 68,3 faizi sənaye məhsullarının payına düşmüşdür.
Muxtar respublikada sənaye məhəlləsinin, istehsal və xidmət sahələrinin yaradılmasının davam etdirilməsi gələcəkdə sənaye sektorunda istehsal və ixrac potensialını daha da artıracaqdır.
Muxtar respublikada ixrac sahəsində əldə olunan nailiyyətlərin davamı olaraq cari ilin iyun-iyul aylarında İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra təşkilati işlər görülmüşdür. Yerli istehsal məhsulların ixrac potensialının artırılması, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi istiqamətində sahibkarların, eləcə də ailə təsərrüfatlarının həm ölkə daxilində, həm də xaricdə keçirilən mühüm iqtisadi tədbirlərdə iştirakı nəzarətdə saxlanılmış, iyun-iyul aylarında onlayn formatda keçirilən 2 beynəlxalq əhəmiyyətli sərgi və konfransda bir ailə təsərrüfatçısının və 3 sahibkarlıq subyektinin nümayəndələrinin iştirakı təmin olunmuşdur.
Muxtar respublikanın iqtisadi inkişafında ilkin mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, hazırkı mərhələ həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaqdan ibarətdir. Qeyd etmək yerinə düşər ki, bu gün dünya bazarına rəqabətqabiliyyətli məhsul çıxarılması ilk növbədə keyfiyyət amilinin beynəlxalq tələblərə cavab verməsi ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli məhsulların ixrac potensialını artırmaqda və onların xarici bazarlara çıxarılmasını asanlaşdırılmasında müstəsna rolu var. Belə ki, cari ilin iyun-iyul aylarında travertin, mebel, siyanit mərmər, vafli, badamlı və sirab mineral sularının Oman Sultanlığı, Gürcüstan, Yəmən, Əfqanıstan kimin ölkələrə ixrac olunması məqsədilə Mərkəz tərəfindən 25 halda mənşə sertifikatı verilmişdir.
Bu gün muxtar respublikada istehsal olunan məhsullar 10-dan artıq ölkəyə ixrac edilməsi onu deməyə əsas verir ki, Naxçıvanda yüksək keyfiyyətli məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı olaraq artır. Bu, eyni zamanda iqtisadi siyasətinin prioritetlərindəndir. Keyfiyyət bizim üçün əhəmiyyətli göstəricidir. Çünki istehsal olunan məhsulların yüksək keyfiyyətli olması həmin məhsulların ixrac bazarlarında rəqabət qabiliyyətini artırdığı kimi, istehlakçılarımızın da keyfiyyətli məhsul istehlak etmək hüququnun təmin olunması deməkdir.
Muxtar respublika rəhbərliyinin diqqət və qayğısı, ixracın stimullaşdırılması sahəsində qəbul olanan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi ixrac imkanlarını artıracaq, iqtisadi əlaqələrimiz daha da genişlənəcək, yerli məhsullarımız dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaradacaqdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin Elmi -Tədqiqat Tədris
Mərkəzinin elmi işçisi Mehparə Məmmədova