“Badamlı” mineral suyunun 44 tonu Dubay şəhərinə yola salınıb

 

Muxtar respublikamızda sahibkar­lığa göstərilən böyük diqqət və qayğının nəticəsi olaraq yerli xammala əsaslanan, rəqabətqabiliyyətli və ixrac­yönümlü məhsul istehsalı üzrə ixtisaslaşmış müəssisələrin yaradılması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına geniş imkanlar ­açmışdır.  Aparılan məqsədyönlü tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac ili” elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə, ixrac potensialının genişlənməsinə böyük stimul vermişdir. 

          Muxtar respublikanın təbii sərvətlərindən səmərəli istifadəni təmin olunamsı məqsədilə ixrac ilində Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni “Badamlı” Mineral Sular Zavodu istifadəyə verilməsi isə müəssisənin istehsal gücünü artırmaqla yanaşı, ixrac imkanlarını genişləndirmişdir.

Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavod daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir. İstehsal sahəsində Türkiyənin “Ektem” və Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. İllik istehsal gücü 150 milyon ədəd şərti butulka olan müəssisənin sexlərində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 14 çeşiddə mineral su istehsal olunur. İstehsal prosesi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi standartlarına uyğun həyata keçirilir.

Müəssisədə istehsal olunan yüksək keyfiyyətli məhsullar yerli tələbatı ödəməklə yanaşı xarici bazarlara da çıxarılır. Bu məqsədlə Respublikamızda və xarici ölkələrdə keçirilən biznes forumlarda müəssisə nümayəndəsinin iştirakı və beynəlxalq sərgilərdə müəssisədə istehsal olunan məhsulların nümayişi təmin edilmiş, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olmuşdur. Qeyd edək ki, badamlı suyu artıq Rusiya, Qazaxıstan, İraq, Çin, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrə ixrac olunur. Bu tədbirlərin davamı olaraq ötən gün 44 ton mineral su Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə yola salınmışdır.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti