Onlayn görüş keçirilib

Naxçıvan Muxtar Respublikası  İqtisadiyyat və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlar, işəgötürənlərlə maarifləndirici görüşlər keçirilir, qanunvericiliyin müvafiq tələbləri izah olunur, bu mövzuda onları maraqlandıran suallar cavablandırılır. Bu tədbirlərin davamı olaraq 17 avqust tarixində onlayn formatda növbəti görüş keçirilib. İşəgötürən müəssisələrlə sosial tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə keçirilən tədbirdə nazirliklərin əməkdaşları və Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak ediblər. Onlayn görüşdə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı insan kapitalının inkişafı, o cümlədən iqtisadi fəallığın yüksəldilməsi, həyata keçirilən məşğulluq siyasətinin səmərəliliyinin artırılması, işəgötürənlərin maraqlarının, həmçinin əmək bazarının əsas sahələri və peşə hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılması məqsədilə müvafiq kadrların hazırlanmasına köməklik göstərilməsi, işəgötürənlərlə məşğulluq orqanları arasında səmərəli əlaqələrin təşkili ilə bağlı müzakirələr aparılıb və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti