İstixanalar növbəti mövsümə hazırdır

Son illərdə muxtar respublikada aqrar sektora tətbiq edilən güzəştlər bu sahənin inkişafını stimullaşdırmış, innovativ texnologiyalardan istifadə məhsuldarlığı artırmaqla yanaşı, torpaqlardan səmərəli istifadə olunmasına da şərait yaratmışdır. Xüsusilə əhalinin payız-qış mövsümündə meyvə-tərəvəz məhsullarına olan tələbatının tam və dolğun şəkildə, yerli istehsal məhsulları ilə təmin olunmasında soyuducu anbarların və istixana komplekslərinin rolunu vurğulamaq lazımdır. Sahibkarlara göstərilən dövlət dəstəyi nəticəsində hazırda Naxçıvan şəhərində və rayonlarda müasir istixanalar, soyuducu anbarlar yaradılmış, məhsul bolluğu təmin edilmişdir.

İqtisadiyyat Nazirliyi tərəfindən payız-qış mövsümündə əhalinin tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi məqsədilə istixana fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektləri ilə maarifləndirici tədbirlər keçirilmiş, istixanalarda əkin işlərinin müəyyən edilmiş müddətdə başa çatdırılması tapşırılmışdır.

 

Əkin işlərinin müəyyən edilmiş müddətdə başa çatdıran və dövlət dəstəyindən bəhrələnən sahibkarlıq subyektləri sırasında “Naxçıvan bağları” tərəvəz məhsulları istixana kompleksi xüsusi yerə və çəkiyə malikdir. 2013-cü ildən Naxçıvan şəhərində fəaliyyət göstərən kompleksdə Hollandiya və Türkiyə istehsalı olan müasir avadanlıqlar quraşdırılmışdır. 12 min kvadratmetr sahədə qurulan istixana kompleksində 2020-ci ilin payız-qış dövrü üçün əkin işləri aparılmış, 30 min pomidor şitilindən istifadə edilmişdir. 

 

Naxçıvan Muxtar Respublikasının

 İqtisadiyyat Nazirliyinin

mətbuat xidməti