Naxçıvanda ənənəvi məktəbli yarmarkaları keçirilir

 

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Təhsil nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və münasib qiymətə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunmuşdur.

Sentyabrın 1-də yarmarkanın açılışı olub. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək qeyd edib ki, muxtar respublikamızda bütün sahələrdə olduğu kimi təhsil sahəsi də Ali Məclis Sədrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. Bildirilmişdir ki, yarmarkanın keçirilməsində məqsəd valideynlərin bir ünvandan öz övladları üçün lazımi məktəbli ləvazimatlarını münasib qiymətə əldə edə bilməsidir. Fürsətdən istifadə edib qarşıdan gələn yeni dərs ili münasibətilə bütün təhsil ictimaiyyətini və valideynləri təbrik etmiş, məktəblilərə uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək bildirib ki, muxtar respublikanın bütün rayon və kəndlərində müəllim və şagirdlərin vahid geyim forması ilə təminatının daha da yaxşılaşdırılması üçün tikiş müəssisələrinin müasir texnologiyalardan istifadəsinə üstünlük verilməsi daim diqqətdə saxlanılmış, geyim formalarının keyfiyyətinə və qiymətinin münasibliyinə nəzarət artırılmışdır. Qeyd olunmuşdur ki, yeni tədris ilinə hazırlıqla əlaqədar istehsal müəssisələrinin anbarlarında 8180 dəst məktəbli geyim forması ehtiyatı mövcuddur. Təhsil müəssisələrindən daxil olan sifarişlər nəzərə alınmaqla vahid geyim formalarının tikilişi davam etdirilir. Bu müəssisələrdə tikilən vahid geyim formalarının keyfiyyətinə və qiymətinə nəzarət edilmiş, Nаzirliyin “İstеhlаk Mаllаrının Еkspеrtizаsı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cari ilin ötən dövrü ərzində 18 halda parça və saplardan nümunələr götürülərək ekspertizası həyata keçirilmişdir. Hazırda muxtar respublikamızda müəllim və şagirdlərin vahid geyim formalarına olan tələbatını ödəmək imkanına malik məktəbli geyimləri, köynək, ayaqqabı istehsal edən yüngül sənaye müəssisələri fəaliyyət göstərir. Bu gün 3-ü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur.

Sonda isə, Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, yeni məktəblər inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Muxtar respublikada təhsil səviyyəsinin müasir standartlara uyğunlaşdırılması, tahsialanlar və təhsilverənlər üçün normal tədris şəraitinin yaradılması, bir sözlə təhsilin inkişafı üçün atılan bütün addımlar şagirdlərin yüksək səviyyəli təhsil almasına geniş imkanlar açır. Hər il şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı da diqqət mərkəzində saxlanılır, ənənəvi məktəbli yarmarkaları təşkil olunur.

Vurğulanıb ki, yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur. Sevindirici haldır ki, muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tam olaraq yerli istehsal hesabına ödənilir. Bu gün təşkil edilən məktəbli yarmarkalarında da muxtar respublikada istehsal olunmuş məktəbli geyimləri əhaliyə təklif edilir.

Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.

Yarmarkaya gələn muxtar respublika sakinləri belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında təşkil olunur və sentyabrın 14-dək davam edəcək.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti