Ailə təsərrüfatlarının inkişafı əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verir

 

 

 

 

 

 

 

Muxtar respublika iqtisadiyyatında aqrar bölmənin aparıcı qüvvələrindən biri ailə təsərrüfatlarıdır. Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmini, ixracyönümlü və yüksək rəqabətqabiliyyətli məhsul istehsalı aqrar sahədə fəaliyyət göstərən ailə təsərrüfatlarının formalaşmasına şərait yaratmışdır.

Son illər muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış  ailə təsərrüfatı yaradılmış, 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.

Muxtar respublikada ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, ailə təsərrüfatlarının fəaliyyətinin­ stimullaşdırılması, qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli  Sərəncamı ilə təsdiq  olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı”  Tədbirlər Planı bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, muxtar respublikanın aqrar sektorunda çalışanlar üçün yeni imkanlar açmışdır. 

Bu istiqamətdə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 87 ailə təsərrüfatına 820 min manata yaxın dövlət maliyyə dəstəyi göstərilmiş, 315 ailə təsərrüfatı 12 min 800-dən çox tara ilə təmin olunmuş, ailə təsərrüfatlarının biznes planlarının tərtib olunmasına köməklik göstərilmiş, təsərrüfatlara müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları və gübrələr verilmişdir.

Aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar ailə təsərrüfatlarının inkişafını stimullaşdırmış, onların fəaliyyət sahələrini genişləndirməyə şərait yaratmışdır. Bu istiqamətdə cari ilin altı ayı ərzində işlər davam etdirilmiş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən istixana, soyuducu anbar, heyvandarlıq və süd emalı, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qablaşdırılması, bağçılıq sahəsinin yaradılması məqsədilə 30 ailə təsərrüfatına 306 min manatdan çox dövlət maliyyə dəstəyinin göstərilməsi, 300-ə yaxın ailə təsərrüfatının 4 min 700-dən çox tara ilə təmin olunması təsərrüfatların fəaliyyətinin genişləndirilməsinə, bir hissəsinin isə kiçik sahibkarlıq subyektinə çevrilməsinə təkan vermişdir.

Ailə təsərrüfatlarının əsasən, istehsalyönümlü iqtisadi fəaliyyət sahələrini əhatə edərək, muxtar respublikada daxili bazarın daha keyfiyyətli və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında və bu istiqamətdə idxaldan asılılığın azaldılmasında, eləcə də kənd yerlərində məşğullun təmin olunmasında müstəsna rolu var. Digər tərəfdən, aparılan məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikada ailə təsərrüfatlarının sayının getdikcə artması əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla yanaşı, iqtisadiyyatda mühüm faktorlardan olan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın inkişafına əlavə imkanlar yaradır.

Hazırladıqları məhsulların özlərinə məxsus brend adı altında satışa çıxarılması ailə təsərrüfatlarını işlərini inkişaf etdirməyə, bazara yeni məhsullar təqdim etməyə daha da həvəsləndirir. Ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda ailə təsərrüfatlarının 118 çeşiddən çox məhsulunun nümayişi təmin olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması muxtar respublikada ailə təsərrüfatlarında istehsal olunan məhsulların çeşidinin və rəqabətqabiliyyətliyinin stimullaşdırılması ilə yanaşı istehlakçıların ekoloji təmiz ərzaq məhsulları ilə təmin edilməsində mühüm rol oynamışdır.

İstehsalın mühüm şərtlərindən biri keyfiyyət amilidir. Bu istiqamətdə ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəznində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarının istehsal etdikləri məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə ailə təsərrüfatlarında hazırlanan məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında keyfiyyət və təhlükəsizlik göstəricilərindən olan orqanoleptiki, fiziki, kimyəvi, toksikoloji və mikrobioloji göstəriciləri üzrə laboratoriya təhlilləri aparılmışdır. Nəticədə 418 halda məhsullardan laboratoriya analizləri götürülmüş, nümunələrin  keyfiyyət və təhlüləsizlik göstəricilərinin qüvvədə olan normativ-texniki  sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilmişdir.

Türkiyə Respublikasında keçirilən kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların virtual sərgisində muxtar respublikanın qabaqcıl ailə təsərrüfatçılarından olan Mehparə Hüseynovanın iştirakının təmin olunması xarici təcrübənin öyrənilməsində və yeni tərəfdaşların tapılmasında mühüm rol oynamışdır.

Muxtar respublikada fermerlərin müasir biliklərə yiyələnməsi, təsərrüfatlarda innovativ metod və texnologiyaların tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmini, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə resurslarına çıxışının asanlaşdırılması, aqrar sahənin risklərdən sığortalanması, kənd əhalisinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlər ailə təsərrüfatlarının gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsinə öz tövhəsini verəcəkdir.

                                                               Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti