Muxtar respublikada 36 hüquqi və fiziki şəxsə məxsus olmaqla, 42 soyuducu anbar mövcuddur ki, bu anbarların ümumi tutumu 19340 tondur. Həmçinin qeyd olunan bu anbarlardan 20-i dövlət maliyyə dəstəyi hesabına, 22-i isə özəl investisiya hesabına qurulmuşdur.
Meyvə tərəvəz məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsini üçün və muxtar respublikada meyvə tərəvəz məhsullarının mövsüm ərzində anbarlara tədarükünün təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Antiihisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Ekspertiza Mərkəzi MMC-nin nümayəndələri və sahibkarlar olmaqla 9 nəfərdən ibarət komissiya yaradılmış, tədarükü həyata keçirəcək soyuducu anbarların siyahısı dəqiqləşdirilmişdir. Belə ki, 2-si Naxçıvan şəhəri, 2-si Ordubad rayonu, 1-i Kəngərli rayonu,14-ü isə Şərur rayonunda olmaqla ümumi tutumu 8190 ton olan 19 anbar müəyyənləşdirilmiş, nazirliyin rəsmi saytında və kütləvi informasiya vasitələrində bu barədə vətəndaşlara ətraflı məlumatlar verilmişdir.
Nazirliyin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əkinçilərdən tədarük olunacaq məhsulların növlər üzrə müəyyənləşdirilmiş qiymətlərlə və tədarük zamanı nəğd formada məhsulun dəyərinin sahibkarlara ödənilməsi təmin edilir. Belə ki, tədarük zamanı kartof məhsulu üzrə I növ 0.45 manat, II növ 0.30 manat, qarışıq növ isə 0.35 manat, soğan məhsulu üzrə I növ 0.35 manat, II növ üzrə 0.25 manat, qarışıq növ üzrə 0.30 manat, alma məhsulu üzrə isə I növ 0.80 manat, II növ üzrə 0.50 manat və qarışıq növ üzrə 0.60 manat müəyyənləşdirilmişdir. Hazırda kartof məhsulunun tədarükü yekunlaşmaq üzrə olsa da, soğan məhsulunun tədarükünə 01 sentyabr tarixindən başlanılmış, alma məhsulunun tədarükü isə 15 sentyabr tarixindən həyata keçiriləcəkdir.
Aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatlara əsasən demək olar ki, bu il soğan məhsulunun məhsuldarlığı əvvəlki illərdə olduğundan daha yüksəkdir və “Naxçıvan Meyvə Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus bütün soyuducu anbarlara təyinatı üzrə maksimum miqdarda məhsul idxal ediləcəkdir.
Rayon icra hakimiyyətləri ilə aparılmış birgə siyahı dəqiqləşdirmələri əsasında bütün sahibkarlara kömək göstərilməsi əsas məqsədlərdən biridir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti