Sentyabrın 26-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində beşinci “Arıçılıq məhsulları - bal festivalı” keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.
Festival açıq elan edildikdən sonra Naxçıvan Dövlət Universitetinin Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Əli Tahirov çıxış edərək arıçılığın inkişafı sahəsindəhəyata keçirilmiş tədbirlərdən danışıb.
Festivala muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 289 arıçı tərəfindən 14 tondan artıq süzmə, 2 tondan artıq şan bal, arı südü, mum, vərəmum, çiçək tozu və güləm çıxarılıb. Naxçıvan balı öz dadı, ətri, görünüşü, həmçinin bir sıra keyfiyyət göstəricilərinə görə Azərbaycanda, eyni zamanda, qonşu ölkələrdə yaxşı tanınır və yüksək qiymətləndirilir. Son illər Naxçıvanda arıçılıq sahəsində aparılan elmi araşdırmaların həcmi çoxalıb, bu sahəyə dair kitab və dərsliklər nəşr olunub. Balla yanaşı, vərəmum, çiçək tozu, güləm, arı südü və digər arıçılıq məhsulları yüksək tibbi əhəmiyyətə malikdir.
Festivalda arıçılıqda istifadə olunan avadanlıqlar, bu sahəyə dair kitab və dərsliklər sərgilənib. Festival iştirakçılarına konsert proqramı və sahibkarlıq subyektləri tərəfindən iaşə xidməti təşkil olunub.
Arıçılar arasında “Ən yaxşı arıçılıq məhsulları-bal” nominasiyası üzrə müsabiqə keçirilib, müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim edilib.
Ali Məclisin Sədri arıçılarla söhbət etmiş, bal almış, onların qayğıları ilə maraqlanmışdır.
Festivalda Arıçılar Birliyinini sədri və arıçı sahibkarlar yaradılan şəraitə, göstərilən dövlət qayğısına görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti