Nazirlik tərəfindən hamiliyə götürülən tələbələrlə görüş keçirilib

 

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən hamiliyə götürülmüş “Naxçıvan” Universitetinin “İqtisadiyyat” fakultəsinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş keçirilib. Görüşdə ilk olaraq “İqtisadiyyat”  fakültəsinin dekanı Zakir Məmmədov giriş sözü ilə çıxış edərək “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçivan Muxtar Respublikasi Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışaraq bildirib ki,  Sərəncamın icrası istiqamətində hami təşkilat və universitet arasında mütəmadi görüşlər tələbələrin gələcəkdə düzgün peşə seçimində, peşəkar kadr kimi yetişməsində, təhsil aldıqları ixtisasların sirlərinə dərindən yiyələnmələrində müstəsna rola malikdir.

Daha sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İqtisadi təhlil və proqnozlaşdırma” şöbəsinin müdiri Anar Cəfərov “Muxtar respublikada son illərdə iqtisadiyyat sahəsində görülmüş işlər və əldə olunmuş nəticələr” mövzusu üzrə slaydlar vasitəsilə Muxtar respublikada son illərdə həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticələri, ümumi daxili məhsulun həcmi və strukturu, həmçinin son illərdə muxtar respublika iqtisadiyyatı üzrə investisiya qoyuluşları və infrastruktur layihələri haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “Sənaye” şöbəsinin müdiri Elnur Mahmudov  “Sənaye zonalarının yaradılmasının iqtisadi əhəmiyyəti və Şərur sənaye məhəlləsinin yaradılmasının özəl sektorun inkişafına təsiri” mövzu ətrafında çıxış edərək, muxtar respublikada özəl sektorun innovativ  və yüksək texnologiyalara əsaslanın inkişafının təmin edilməsində, rayonlarda sənaye sahəsinin  inkişafı və məşğulluğun təmin olunmasında Şərur Sənaye məhəlləsinin əhəmiyyəti barədə geniş məlumat verilib.

Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb. Həmçinin fəal tələbələrə həvəsləndirici hədiyyələr təqdim olunub.

Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin Mətbuat Xidməti