Daxili İşlər Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli "Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm Naxçıvan xalqının tarixi keçmişinin, mədəni irsinin öyrənilməsində əhəmiyyətli rol ­oynayır. Sərəncamın icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Biznes Mərkəzi ziyarət olunan muzeylər siyahısına daxil olunub. Oktyabrın 10-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi Naxçıvan Biznes Mərkəzində olub. Mərkəzlə tanışlıq zamanı bildirilib ki, 2013-cü ildən istifadəyə verilən mərkəzin əsas missiyası sahibkarlara xidmət, biznesin inkişafı üzrə onlara məsləhətlərin verilməsi, biznesə yeni başlayanlar üçün treninqlərin təşkili, biznes planların hazırlanmasında metodoloji dəstək göstərilməsidir. Eyni zamanda muxtar respublikada emal müəssisələri və ailə təsərrüfatları tərəfindən istehsal olunan məhsullar, Naxçıvan  sənətkarların əl işləri, Bəhruz Kəngərli məktəbinin nümayəndələrinin rəsm əsərləri, milli ornamentlərlə bəzədilmiş əllə toxunan xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirildiyi mərkəzin bələdçisi tərəfindən vurğulanıb.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti