Muxtar Respublikada son illərdə həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası əsasında qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası, yerli xammala əsaslanan, rəqabətədavamlı və ixracyönümlü yeni məhsullar istehsal edən müəssisələrin fəaliyyətə başlaması və digər mühüm tədbirlər ümumi inkişafı daha da sürətləndirir. Bu baxımdan 2020-ci ilin ötən dövrü ərzində bitki toxumlarından yağ istehsalı, soyuducu anbar, istixana, göbələk, heyvandarlıq, təsərrüfatlarını əhatə edən 112 istehsal sahəsinin yaradılması başa çatdırılmış, həmçinin müxtəlif istehsal və xidmətlər üzrə 58 sahənin yaradılması davam etdirilmişdir.
cari ilin ötən dövründə yeni istehsal və xidmət sahələrinin yaradılması, mövcud müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, muxtar respublikada iqtisadiyyatın muxtəlif sahələrinə investisiyaların cəlb edilməsi, kiçik və orta həcmli müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, ailə təsərrüfatlarının fəaliyyətlərinin stimullaşdırılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumilikdə iqtisadiyyatın bütün sahələri üzrə 111 layihənin maliyyələşdirilməsinə 12 milyon 846 min manatdan çox güzəştli kredit vəsaiti ayrılmışdır.
Yeni istehsal sahələri muxtar respublika iqtisadiyyatında əlavə dəyər yaratmaqla yanaşı, regionların inkişafının sürətləndirilməsinə mühüm töhfələrini verir. Belə ki, müxtəlif istiqamətlər üzrə yaradılan yeni sahələrdə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına ümumilikdə 415 yeni iş yeri açılmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti