“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı tələbələrin gələcəkdə müvafiq sahələrdə peşəkar kadr kimi yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz tövhəsini verir. Sərəncamın icrası ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına əsasən növbəti 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələri ilə razılaşdırılmış tədris planı hazırlanıb, mütəmadi olaraq hamiliyə götürülmüş tələbələrlə startap layihələrinin hazırlanması, təqdimatı, eləcə də muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən mövzularda bir sıra görüşlər keçirilib.
Bu tədbirlərin davamı olaraq Nazirlik tərəfindən Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrin Gəmiqaya Mebel Fabrikində istehsal prosesi ilə əyani şəkildə tanışlığı təşkil olunub.
Burada tələbələrə mütəxəssislər tərəfindən fabrikin yaranma tarixi, keçdiyi inkişaf yolu, o cümlədən müəssisədə gedən ümumi iş prosesinin mahiyyəti izah olunub, xammaldan hazır məhsul buraxılışınadək bütün istehsal mərhələləri haqqında məlumat verilib. Bildirilib ki, 2010-cu ildə fəаliyyətə başlayan müəssisədə müxtəlif çeşiddə mebel istehsalı üçün Almaniya, İtaliya və Türkiyənin müasir texnoloji avadanlıqları quraşdırılıb ki, bu da istehsal olunan yüksəkkeyfiyyətli məhsulların analoji idxal məhsulları ilə müqayisədə daha ucuz qiymətə təklif olunmasına imkan verir. Hazırda fabrikdə “Belissa” əmtəə nişanı ilə divan-kreslo və yumşaq oturacaqlı stullar, həmçinin ofis, mətbəx, yataq, qonaq və uşaq otağı mebelləri, müxtəlif qapı-pəncərə modelləri hazırlanır. Müəssisədə istehsal olunan mebellər daxili tələbatı ödəməklə yanaşı, ölkəmizin digər regionlarına, eləcə də xarici ölkələrə ixrac olunur. Həmçinin gələcəkdə müəssisənin ixrac bazarlarının genişləndirilməsi istiqamətində də işlərin aparıldığı diqqətə çatdırılıb.
Sonda tələbələrin istehsal prosesi və mərhələləri ilə bağlı sualları cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti