İxrac hər bir ölkənin davamlı iqtisadi artımının təmin olunmasında vacib rol oynayır. Məlum olduğu kimi ixracın artması bir tərəfdən milli gəlirin yüksəlməsi ilə yanaşı, digər tərəfdən xarici valyuta ilə bağlı çətinlikləri aradan qaldırmaqla ümumi iqtisadi inkişafa öz müsbət təsirini göstərir. Bu səbəbdən ixracın artırılması ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər yerliməhsulların dünya bazarlarına ixrac imkanlarının artırılmasına yönəlmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması isə yerli istehsalçılara ixrac imkanlarından tam yararlanmaq fürsəti yaradır. Belə ki, ötən dövrdə bu istiqamətdə mühüm işlər görülərək muxtar respublikanın sosial-iqtisadi imkanları daha da genişləndirilmiş, iqtisadi perspektivləri nəzərə alınaraq lazımi infrastruktur yaradılmışdır. Təbii ki, bütün bunlar daxili bazarın hərtərəfli təminatında əsas rol oynamış, idxal məhsulların həcmi dəfələrlə azalmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti