Ət məhsullarının keyfiyyətinə nəzarət diqqətdə saxlanılır

 

İstehlakçıların hüquqlarının müdafiəsini təmin etmək və daxili bazarı keyfiyyətsiz məhsullardan qorumaq məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna rolu var. Mərkəzin Mərkəzi Qida Sınaq Laboratoriyasında muxtar respublikada istehsal olunan yerli məhsullarla yanaşı, idxal məhsullarının da laborator analizləri aparılır. Laboratoriyaya daxil olan məhsullarda orqanoleptiki, fiziki, kimyəvi, toksikoloji, mikrobioloji və radioloji laboratoriya təhlilləri həyata keçirilir. Orqanoleptik göstəricilərindən: xarici görünüşü, konsistensiyası, dadı və iyi, batonların forması və ölçüsü, kəsikdə görünüşü, fiziki göstəricilərindən nəmliyin kütlə payı və batonun içərisində temperatur, kimyəvi göstəricilərindən nişastanın və xörək duzunun kütlə payı, toksikoloji göstəricilərindən: ağır metallardan qurğuşun, sink, mis və kadmiumun miqdarı, mikrobioloji göstəricilərdən: ümumi bakterioloji çirklənmə, bağırsaq çöpü bakteriya qrupları, stafilokok aureus, radioloji göstəricilərdən isə stronsium və sezium kimi şüalanma dərəcələrini yoxlanılaraq sınaq protokolları əsasında nəticələri aidiyyatı üzrə təqdim olunur.

2020-ci ilin ötən dövrü ərzində Mərkəzi Qida Sınaq laboratoriyası tərəfindən ət və ət məhsullarının o cümlədən kolbasa məmulatlarının keyfiyyət və təhlükəsizlik göstəricilərinə nəzarət həyata keçirilmişdir. 41 halda ət və ət məhsullarından və 45 halda kolbasa məmulatlarından, o cümlədən bişmiş kolbasa, bişirilmiş-hisə verilmiş kolbasa, yarım hisə verilmiş kolbasa, sosiska və sardelka məhsullarından orta nümunələr seçilərək müayinə olunması üçün mərkəzi qida sınaq laboratoriyasına gətirilmişdir.

 Nəticədə 45 halda mal nümunələrində laboratoriya təhlilləri aparılarkən 45  nümunənin  keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi  müəyyən edilmişdir.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti