Yerli istehsalın inkişaf etdirilməsi ölkənin iqtisadi tərəqqisinə müsbət təsir göstərməklə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amillər nəzərə alınaraq muxtar respublika iqtisadiyyatının bütün sahələrində dövlət texniki, maliyyə və innovasiya dəstəyi ilə yeni-yeni istehsal və xidmət sahələri istifadəyə verilir. Bunun özəl sektorun, ailə təsərüfatlarının, xüsusən də kənd təsərrüfatının daha da inkişafına səbəb olacaq layihələr reallaşdırılır. Dövlətin maliyyə dəstəyi ilə yaradılan belə istehsal və xidmət sahələri əhalinin keyfiyyətli yerli məhsullarla təmin edilməsinə şərait yaradır. Bu sırada kənd təsərrüfatı məhsullarının uzun müddət saxlanması üçün soyuducu anbar komplekslərini də qeyd etmək lazımdır. Bu anbarların yaradılması həm məhsulları qış dövründə istehlakçıya çatdırmağa, həm də ixracı daha da artırmağa imkan verir. Eyni zamanda bu anbarların hər biri yeni iş yerlərinin açılması ilə bərabər, əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının bütün fəsillərdə yerli istehsal hesabına ödənilməsində mühüm rola malikdir. Bu gün muxtar respublikada sahibkarların şəxsi investisiyası və dövlət maliyyə dəstəyi hesabına yaradılan 42 soyuducu anbarların ümumi tutumu 19 min 390 ton təşkil edir. Payız-qız mövsümünə hazırlıqla əlaqədar Naxçıvan şəhəri, Şərur, Ordubad, Kəngərli, Şahbuz və Sədərək rayonlarındakı soyuducu anbarlara meyvə-tərəvəz məhsullarının tədarükü davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti