Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilmiş 2020-ci ilin yanvar-sentyabr aylarında da davam etdirilmişdir.
2020-ci ilin yanvar-sentyabr aylarında inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 2 milyard 101 milyon 254 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 4564 manat olmuşdur. Ümumi daxili məhsulun tərkibində ilk yeri 28 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 57 faiz təşkil etmişdir. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-sentyabr aylarında sənaye məhsulu 1 faiz, əsas kapitala yönəldilən vəsaitlər 0,9 faiz, kənd təsərrüfatı məhsulu 3,7 faiz, informasiya və rabitə xidmətləri 4,6 faiz artmışdır.
Makroiqtisadi göstəricilər
*) müqayisəli qiymətlər üzrə
**) yanvar-avqust ayları göstəricisi
Sənaye
Muxtar respublikada həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 836 milyon 951 min 400 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1 faiz üstələmişdir.
Sənaye məhsulu istehsalının 96,6 faizi malların, 3,4 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2 faiz təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.
Sənaye məhsulu istehsalının dinamikası, min manat
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 100 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, 59 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması hazırda davam etdirilir.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2020-ci ilin yanvar-sentyabr aylarında 17 milyon 960 min manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 2,5 dəfə çoxdur.
Sənayedə istehsalın həcminin artması nəticəsində 2020-ci ilin yanvar-sentyabr aylarında 222 milyon 992 min 200 ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur.
Hərbi quruculuq
Muxtar respublikada ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir.
2020-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində istirahət parkının tikintisi, yataqxananın əsaslı təmiri başa çatdırılmış, iki qərargah binasının, iki əsgər yataqxanasının, iki anbarın, istirahət parkının, hərbi zavodun, mərkəzi hərbi xəstəxananın tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.
Babək rayonunda beş avtomobil saxlancının əsaslı təmiri, vertolyot meydançasının tikintisi başa çatdırılmış, avtomobil saxlancının və iki yeraltı saxlancın tikintisi davam etdirilir.
Sədərək rayonunun Heydərabad qəsəbəsində əsgəri-yaşayış kompleksinin yenidən qurulması, Culfa rayonunda əsgər yataqxanasının əsaslı təmiri başa çatdırılmış, retranslyasiya məntəqəsinin tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.
Şahbuz rayonunda üç anqarın tikintisi başa çatdırılmış, yaşayış binasının tikintisi, əsgər yataqxanasının əsaslı təmiri davam etdirilir.
Şərur rayonunda 3-cü və 8-ci Sərhəd zastavaları üçün xidmət və yaşayış komplekslərinin tikintisi başa çatdırılmış, 6-cı Sərhəd Zastavası və Daxili Qoşunların hərbi hissəsində infrastruktur obyektlərinin tikintisi davam etdirilir.
Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Naxçıvan hərbi şəhərciyində və Sədərək rayonunda zabit-gizir ailələrinə yeni xidməti mənzillər təqdim edilmişdir.
Cari ilin ötən dövründə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə 10 “Qazel” markalı yük, “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili təqdim olunmuşdur. Bundan əlavə, Əlahiddə Ümumqoşun Orduya hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədilə xüsusi tikinti-inşaat texnikaları verilmişdir.
Tikinti-quruculuq və su təchizatı tədbirləri
Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşları mühüm rol oynayır. Bu istiqamətdə muxtar respublikada 2020-ci ilin yanvar-sentyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 797 milyon 957 min 500 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 0,9 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.
Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat
Vəsait qoyuluşlarının 764 milyon 376 min manatı və ya 95,8 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,9 faiz çoxdur.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 217 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuş, 207 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Muxtar respublikada tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsi məqsədilə “Elektron nəzarət portalı” yaradılmışdır.
Cari ilin ötən dövründə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 14 kommunal təyinatlı müxtəlif, o cümlədən 5-i bərk tullantıların, 6-sı məişət tullantılarının daşınması üçün, 3-ü isə digər kommunal təyinatlı texniki nəqliyyat vasitəsi gətirilmişdir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 2020-ci ilin yanvar-sentyabr aylarında 5 kənd mərkəzi istifadəyə verilmiş, 5 kənd mərkəzinin inşası davam etdirilir.
Muxtar respublikada 1 yaşayış binasının tikintisi, 6 yaşayış binasının yenidən qurulması başa çatdırılmış, 4 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərmiş, 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 366 min 697 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Şərur rayonunda Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisi başa çatdırılmış, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunun Sərxanlı, Kəngərli rayonunun Qarabağlar, Yurdçu və Qabıllı kəndlərində içməli su şəbəkələrinin tikintisi davam etdirilir.
Şərur rayonunun Dəmirçi kəndində içməli su xəttinin çəkilişi başa çatdırılmış, Babək rayonunun Sirab, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində içməli su xətlərinin çəkilişi davam etdirilir.
Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri
Muxtar respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılmışdır ki, bu da 2019-cu ilin məhsulu üçün əkilmiş sahədən 435 hektar çoxdur.
Cəmi əkin sahələri, hektarla
Muxtar respublikada taxılçılıq əsas istiqamət kimi diqqətdə saxlanılmış və 2020-ci ilin məhsulu üçün 36879 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 36099 hektarı payızlıq, 780 hektarı isə yazlıq taxıldır. Taxıl zəmilərinin 26293 hektarında buğda, 10586 hektarında isə arpa əkilmişdir. Bir il öncəyə nisbətən taxıl əkini sahəsi 3571 hektar artmışdır. Cari ildə taxıl zəmilərindən 115 min 649 ton məhsul tədarük edilmişdir ki, bu da bir il öncəki göstəricidən 12665 ton çoxdur.
Tələbata uyğun olaraq kartofçuluğun inkişafında müsbət dinamika saxlanılmış və 2020-ci ildə 3241 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da bir il öncəyə nisbətən əkilmiş sahədən 13 hektar çoxdur. 1 oktyabr 2020-ci il tarixə 3201 hektar sahədən 49585 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 0,9 faiz üstələyir.
2020-ci ildə muxtar respublikada tütünçülüyün inkişafı üçün də tədbirlər görülmüş, Şərur, Babək və Kəngərli rayonlarında, ümumilikdə, 45,1 hektar sahədə tütün əkini aparılmışdır. 1 oktyabr 2020-ci il tarixə 45,1 hektar sahədən 43,1 ton qurudulmuş tütün tədarük edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 8 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası da muxtar respublika əhalisinin meyvə və tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına təmin edilməsinə və tələbatdan artıq mövsümi məhsulların ixracına geniş imkanlar yaratmışdır.
Üzümçülüyün inkişafı məqsədilə yerli resurslardan istifadə olunmaqla üzüm bağlarının salınması davam etdirilmişdir.
Muxtar respublikada əkinçiliyin inkişafında və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən qurulması başa çatdırılmışdır.
Əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə tutumu 200, 250 və 2500 ton olan 3 soyuducu anbar yaradılmış, 1 soyuducu anbar genişləndirilmişdir. 1 soyuducu anbarın yaradılması davam etdirilir. Bundan əlavə, 8 istixana təsərrüfatı yaradılmış, 1 istixana təsərrüfatının fəaliyyəti bərpa edilmişdir.
Məhsul istehsalçılarının kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı davamlı olaraq yaxşılaşdırılır. Bu istiqamətdə muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalçılarını lizinq yolu ilə satılması daxil olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri və aqrotexniki xidmətlərlə təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 24 avqust tarixdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsinə dair Fərman imzalanmış və cəmiyyətin adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xəttilə 177-si 2020-ci ilin yanvar-sentyabr aylarında olmaqla, ümumilikdə, 2916 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilmişdir. 2020-ci ilin ötən dövründə 208 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə icarəyə verilmiş, 13 ədədi nağd yolla satılmışdır. Bu dövrdə məhsul istehsalçıları 9008,3 ton mineral gübrə ilə təmin olunmuşdur.
1 oktyabr 2020-ci il tarixə 118 min 16 ton dənli və dənli-paxlalılar (qarğıdalısız), 4629 ton dən üçün qarğıdalı, 364 ton dən üçün günəbaxan, 67008 ton tərəvəz, 30039 ton ərzaq üçün bostan məhsulları, 40592 ton meyvə, 9976,9 ton üzüm tədarük edilmişdir. Hazırda bir neçə məhsul növü üzrə yığım davam edir.
Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2020-ci ilin yanvar-sentyabr aylarında da diqqətdə saxlanılmış, 42 heyvandarlıq təsərrüfatının yaradılması, 16 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 19 heyvandarlıq təsərrüfatının yaradılması, 7 heyvandarlıq təsərrüfatının genişləndirilməsi, 1 heyvandarlıq kompleksində yenidənqurma işləri davam etdirilir. Ümumilikdə, bank və kredit təşkilatları tərəfindən bu sahəyə cari ilin yanvar-sentyabr aylarında 8 milyon 133 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 15,8 faiz çoxdur.
Muxtar respublikada heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış, müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilmişdir.
Cari ilin ötən dövründə heyvandarlıq təsərrüfatlarında 10310 baş inək, düyə və camış süni yolla mayalandırılmış, ötən il və cari il də daxil olmaqla, mayalandırılmış inək, düyə və camışlardan 7213 baş sağlam bala alınmışdır.
1 oktyabr 2020-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 121 min 892 baş, qoyun və keçilərin sayı 755 min 760 baş olmuşdur ki, bu da 1 oktyabr 2019-cu il tarixə olan göstəriciləri 1,7 və 1,9 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatı yaradılmış, 2 quşçuluq təsərrüfatının yaradılması, 1 quşçuluq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada diri çəkidə 19439,2 ton ət, 73608,3 ton süd istehsal olunmuşdur ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,7 və 1,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası diqqətdə saxlanılmış, cari ilin yanvar-sentyabr aylarında bu sahədə müvafiq tədbirlər görülmüş, 17 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 4 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilir. Təsərrüfat subyektlərinə 2020-ci ilin yanvar-sentyabr aylarında 425 min 500 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur. Arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi, təşkil olunan “Arıçılıq məhsulları – bal festivalı” da arıçıların fəaliyyətinə geniş stimul yaratmışdır.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilmiş, Babək Rayon Baytarlıq İdarəsinin yeni binası istifadəyə verilmişdir. Bundan əlavə, Şərur rayonunun Muğancıq-Mehrab, Məmmədsabir, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Vənənd və Culfa rayonunun Camaldın kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmışdır.
Cari ilin ötən dövründə baytarlıq təbabəti sahəsində görülən işlərin davamlılığının təmin olunması məqsədilə yeni avtomobil və süni mayalanma dəstlərinin təqdimatı olmuşdur.
2020-ci ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə, ümumilikdə, 9 milyon 723 min 900 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 10,8 faiz çoxdur.
Həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq 2020-ci ilin yanvar-sentyabr aylarında bir il öncəyə nisbətən 3,7 faiz çox, yəni 391 milyon 80 min 200 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur.
Etibarlı ərzaq təminatı sisteminin yaradılması ixrac potensialını artırmış, 2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikadan 86 milyon 999 min 800 ABŞ dolları dəyərində kənd təsərrüfatı, o cümlədən meyvə və tərəvəz məhsulları ixrac olunmuşdur.
Cari ilin ötən dövründə meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması diqqətdə saxlanılmış, Sədərək rayonunda işğaldan azad edilmiş 73 hektar torpaq sahəsində meliorativ tədbirlər aparılaraq əkin dövriyyəsinə daxil edilmişdir.
Araz Su Anbarından qidalanan nasos stansiyasının və təzyiqli boru xəttinin, Şahbuz rayonunun Külüs kəndində nasos stansiyasının və təzyiqli boru xəttinin, Türkeş, Sələsüz, Mərəlik kəndlərinin ərazisində və Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində qapalı suvarma şəbəkələrinin tikintisi, Naxçıvan şəhərində su kanalının bərpası davam etdirilmişdir.
“Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 1 milyon manat vəsait ayrılmışdır.
Meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi məqsədilə cari ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 17 adda 67 müxtəlif təyinatlı yeni maşın, texnika və avadanlıq təqdim olunmuşdur.
Meşə fondunun mühafizə olunması, bərpası, yeni yaşıllıqların salınması istiqamətində tədbirlər görülmüş, 2020-ci ilin yanvar-sentyabr aylarında 282 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 206 min 560 ağac və gül kolu əkilmişdir.
Nəqliyyat, informasiya – rabitə və energetika
Artan əhali tələbatına uyğun olaraq muxtar respublikada müasir nəqliyyat sisteminin qurulması, nəqliyyat sektorunun səmərəli idarə olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin yanvar-sentyabr aylarında Şərur rayonunda Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir, Ordubad rayonunda Xanağa-Ağrı-Dizə-Vənənd kənd və Darkənd, Babək rayonunun Nəcəfəlidizə, Culfa rayonunun Camaldın kəndlərində və Culfa şəhərində avtomobil yollarının yenidən qurulması başa çatdırılmışdır.
Naxçıvan şəhərində avtomobil yolunun, Culfa-Ordubad magistral avtomobil yolunun, Şərur rayonunda Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolunun, Şərur şəhərinə giriş, Qaraburc, Təzəkənd və Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində avtomobil yollarının, Şərur şəhərində yeraltı piyada keçidinin yenidən qurulması davam etdirilir.
Naxçıvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində 400 yerlik avtomobil parkının tikintisi davam etdirilir.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan stansiyasında alçaq sərnişin platformasının yenidən qurulması başa çatdırılmış, polis şöbəsi üçün inzibati binanın tikintisi, dartı yarımstansiyası binasının, Şərur rayonunda Elektrik Təmas Şəbəkəsi binasının, Dövriyyə Deposunun inzibati binasının və təmir sexinin, Babək rayonunda Təhlükəsizlik Komandası binasının yenidən qurulması davam etdirilir.
Culfa stansiyasında İstismar Vaqon Deposunun təmir sexinin tikintisi, inzibati binasının yenidən qurulması, Park İdarəetmə Mərkəzinin əsaslı təmiri davam etdirilir.
Əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə cari ilin ötən dövründə Naxçıvan şəhərində marşrutlara 6 yeni avtobus buraxılmış, 10 nömrəli marşrut xətti istifadəyə verilmiş, 6 nömrəli marşrut xəttinin hərəkət istiqaməti Babək şəhərinədək müəyyənləşdirilmişdir.
Cari ilin ötən dövründə əhaliyə göstərilən taksi xidmətinin səviyyəsinin yüksəldilməsi, eləcə də operativ və keyfiyyətli fəaliyyətinin təmin edilməsi məqsədilə elektron taksi xidməti yaradılmışdır.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 12 milyon 272 min ton yük, 77 milyon 538 min 100 sərnişin daşınmışdır.
Muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafı diqqətdə saxlanılmış, Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilmişdir.
Ordubad rayonunda Dəstə Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda Rabitə evinin yenidən qurulması başa çatdırılmış, Sədərək rayonunda Radio-Televiziya Ötürücü Stansiyası üçün binanın, Kəngərli rayonunda Rabitə evinin tikintisi davam etdirilir. Bu dövr ərzində 1 rayon poçt filialı və 5 poçt bölməsi yeni bina ilə təmin olunmuş, 1 avtomat telefon stansiyası quraşdırılmışdır. Bundan əlavə, Naxçıvan şəhərində “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni bina ilə təmin olunmuşdur.
2020-ci ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövründəki göstəricini 4,6 faiz üstələyərək 42 milyon 694 min 100 manat olmuşdur. Ümumi xidmətlərin 79,4 faizi mobil rabitənin payına düşmüş, mobil rabitə xidmətlərinin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artmışdır.
Muxtar respublikada alternativ enerji istehsalı sahələrinin yaradılması məqsədilə Kəngərli rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi başa çatdırılmış, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasının tikintisi davam etdirilir.
Enerji sistemini daha da müasirləşdirmək məqsədilə Şərur şəhərində “Çomaxtur” yarımstansiyasının tikintisi başa çatdırılmışdır.
Muxtar respublikada 54,6 kilometr uzunluğunda 35, 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 22 müxtəlif gərginlikli transformator yarımstansiyası quraşdırılmışdır.
Şərur və Culfa rayonlarının transformator təmiri sexlərində 85 transformator təmir olunmuş, Naxçıvan şəhərində iki transformator binasının, Şərur şəhərində yüksəkgərginlikli elektrik xətti üçün tunelin tikintisi davam etdirilir.
Energetika sahəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində muxtar respublikaya 4 adda 828 dəstdən ibarət yeni texnika və avadanlıqlar gətirilmişdir. Bundan əlavə, Dövlət Energetika Xidmətinə 1 ədəd “Hyundai İoniq” markalı elektriklə işləyən avtomobil, 4 ədəd “Qazel” markalı avtomobil, 1 ədəd “BKM-317A” markalı yerqazan qurğu və 2 ədəd xüsusi təyinatlı “Ford” markalı avtomobil verilmişdir.
Şərur rayonu ərazisində maye qazdoldurma və Culfa şəhərində yanacaqdoldurma stansiyalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Naxçıvan Qaz-Kompressor Stansiyasının tikintisi, Şərur rayonu ərazisində yanacaqdoldurma stansiyasının yenidən qurulması davam etdirilir.
1 oktyabr 2020-ci il tarixə muxtar respublikada 88 min 58 əhali abonenti təbii qazla təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli elektrik və qaz, Babək və Şərur şəhərlərində isə smartkarttipli elektrik sayğaclarının quraşdırılması davam etdirilir.
Sahibkarlıq fəaliyyəti və məşğulluq məsələləri
Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada sahibkarlara 37 milyon 167 min 500 manat kredit verilmişdir. Verilmiş kreditin 16 milyon 359 min manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 20 milyon 808 min 500 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunmuşdur. Bu dövrdə 29 hüquqi və 1908 fiziki şəxs qeydiyyata alınmışdır.
Sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsi təmin edilmişdir.
2020-ci ilin yanvar-avqust aylarında orta aylıq əməkhaqqının məbləği 527,8 manat təşkil etmişdir ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricidən 15,7 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikada 943 yeni iş yeri yaradılmışdır. Əmək bazarının tələblərinə uyğun olaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunmuş bərbər, xalçaçı, dərzi, toxucu, bərbər-manikürçü, elektrik montyoru, qazanxana maşinisti, dəmir yolu nəqliyyatında elektrik və rabitə montyoru üzrə peşə hazırlığı, qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə ixtisasartırma, cəzaçəkmə müəssisəsində isə qazanxana maşinisti üzrə peşə hazırlığı kurslarına, ümumilikdə, 259 nəfər cəlb edilmişdir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə ixtisas təhsili müəssisələrində 1312 nəfər müxtəlif peşələrə yiyələnmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqədə uğur qazanmış 62, ehtiyat kadrlar siyahısından 6 nəfər olmaqla, ümumilikdə, 68 nəfər aidiyyəti dövlət orqanları tərəfindən dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur.
Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə 260, dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu üçün elan edilmiş müsabiqədə isə 31 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur. Bununla yanaşı, elan edilmiş digər müsabiqələrlə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində 4, prokurorluq orqanlarında 9, ədliyyə orqanlarında 5 nəfər müvafiq vəzifələrə təyin olunmuşdur.
İstehlak bazarı
Səmərəli məşğulluq imkanlarının yaradılması əhalinin alıcılıq qabiliyyətini yüksəltmiş, əmtəə dövriyyəsinin həcmini genişləndirmişdir.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın istehlak bazarında əhaliyə 1 milyard 462 milyon 813 min 400 manat dəyərində istehlak malları satılmış və ödənişli xidmətlər göstərilmişdir. Satılmış istehlak mallarının 97 faizi pərakəndə ticarət dövriyyəsinin payına düşmüşdür.
Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə Naxçıvan Muxtar Respublikası ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.
Əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədilə Naxçıvan şəhərində alış-veriş mərkəzinin yenidən qurulması, Şərur rayonunun Muğancıq-Mehrab və Məmmədsabir, Babək rayonunun Nəcəfəlidizə, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın kəndlərində xidmət mərkəzlərinin tikintisi başa çatdırılmışdır.
Şərur rayonunun Qaraburc və Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində xidmət mərkəzlərinin, Babək şəhərində bazarın, Culfa rayonunun Əbrəqunus kəndində və Culfa şəhərində xidmət sahələrinin tikintisi davam etdirilir.
Xarici ticarət, bank işi və sığorta fəaliyyəti
Muxtar respublikanın dinamik inkişafı, ən əsası yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 356 milyon 811 min 200 ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 309 milyon 992 min ABŞ dollarını ixrac, 46 milyon 819 min 200 ABŞ dollarını idxal təşkil etmiş və 263 milyon 172 min 800 ABŞ dolları dəyərində müsbət saldo yaranmışdır.
Bank sektorunun inkişafı üzrə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası muxtar respublikada elektron ödəniş infrastrukturunun inkişafına, maliyyə vəsaitləri dövriyyəsinin sürətləndirilməsinə, nağd ödənişlərin azalmasına səbəb olmuşdur.
1 oktyabr 2020-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 90439-a çatmışdır ki, bunun da 78962-si və ya 87,3 faizi aktiv hesablardır. 2020-ci ilin yanvar-sentyabr aylarında açılmış 28796 bank hesabının 28784-ü aktiv hesablar olmuşdur.
2020-ci ilin yanvar-sentyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 142 milyon 514 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 45,4 faiz çoxdur. Verilmiş kreditlərin 15 milyon 228 min 400 manatı və yaxud 10,7 faizi qısamüddətli, 127 milyon 286 min manatı və yaxud 89,3 faizi uzunmüddətli kreditlər olmuşdur.
Naxçıvan Muxtar Respublikasında ölkənin digər iqtisadi rayonları ilə müqayisədə bank sektoru üzrə verilən kreditlərin ən aşağı orta faiz dərəcəsi tətbiq edilir ki, bu da özəl sektorun inkişafında ciddi amillərdən biridir.
1 oktyabr 2020-ci il tarixə muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1374-ə çatdırılmışdır.
Muxtar respublikada əhaliyə göstərilən bank xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur və Kəngərli rayonlarında inzibati binalarının tikintisi başa çatdırılmış, Kapital Bankın Ordubad filialının və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon filialının inzibati binalarının tikintisi davam etdirilir.
Muxtar respublikada sığorta sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər cari ilin ötən dövründə də davam etdirilmiş, aqrar sahənin potensial risklərdən zərər görmədən dayanıqlı inkişafının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 8 yanvar tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasında “Aqrar Sığorta Fondu” yaradılmışdır.
Muxtar respublikada sığorta işi sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 22 aprel tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Bundan əlavə, “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti yeni bina ilə təmin olunmuşdur.
Muxtar respublikada sığorta növləri üzrə daxilolmalar 2020-ci ilin yanvar-sentyabr aylarında 6 milyon 306 min 400 manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 6,1 faiz çoxdur. Könüllü sığorta daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,8 faiz artmışdır.
Elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm
Muxtar respublikada elmin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Cari ilin ötən dövründə bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə laboratoriya və nəşriyyat avadanlıqları, şüşə qablar və kimyəvi reaktivlər təqdim olunmuş, muxtar respublikanın zəngin təbiətindən, faydalı qazıntılarından alınan, eləcə də aparılan elmi-tədqiqat işləri nəticəsində əldə olunan məhsulların satışını təşkil etmək məqsədilə “Yaşıl aptek” yenidən qurulmuşdur.
Təhsil sahəsi üzrə infrastruktur quruculuğu tədbirləri istiqamətində Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin binasının yenidən qurulması davam etdirilir. Universitetdə tibb sahəsi üzrə təhsil alan tələbələrin təcrübi peşə bacarıqlarının artırılması məqsədilə Əczaçılıq və simulyasiya kabinəsi istifadəyə verilmişdir. Bundan əlavə, universitetdə külək və günəş hibrid qida qurğusu qurulmuşdur ki, bu da tədris ocağının elektrik və isti su ilə təmin olunmasına yeni imkanlar yaratmaqla bərabər, peşəkar kadrların formalaşmasına da yeni imkanlar yaradacaqdır.
Babək rayonunun Nəcəfəlidizə kəndində 78 şagird yerlik tam orta məktəb binasının tikintisi, Ordubad rayonunun Vənənd kəndində 432, Şərur rayonunun Muğancıq-Mehrab kəndində 224, Culfa rayonunun Camaldın kəndində 252 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmışdır.
Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs kəndlərində məktəb binalarının və Ordubad şəhərində 1 nömrəli tam orta məktəb binasının yenidən qurulması, Şərur rayonunun Qaraburc kəndində məktəb binasının tikintisi davam etdirilir.
Ordubad rayonunun Vənənd kəndində uşaq musiqi məktəbi binasının tikintisi başa çatdırılmış, Şərur rayonunun Şəhriyar kəndində uşaq musiqi məktəbi binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Culfa Rayon Təhsil Şöbəsinin inzibati binasının yenidən qurulması davam etdirilir.
Muxtar respublikada kimya-biologiya fənlərinin səmərəli tədrisini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılmışdır.
Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq və Turizm Diyarşünaslıq mərkəzlərində, eləcə də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yeni innovativ dərnəklər yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə 2020-ci ilin ötən dövründə muxtar respublikada xüsusi istedadı olan 2 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.
Təhsilin inkişafı sahəsində görülən işlər nəticəsiz qalmamış, 2019-2020-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların 275-i qəbul imtahanlarında 500-700 arası bal toplamışdır.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin daha da yaxşılaşdırılması istiqamətində Şərur rayonunun Məmmədsabir, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Camaldın kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Muğancıq-Mehrab, Babək rayonunun Nəcəfəlidizə kəndlərində feldşer-mama məntəqələrinin tikintisi başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic, Şahbuz rayonunun Ağbulaq kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilir. Bundan əlavə, Naxçıvan Duzdağ Fizioterapiya Mərkəzində inzibati binanın tikintisi davam etdirilir.
Ordubad rayonunda əhalinin sayının 50 min nəfəri keçməsi ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə Ordubad Rayon Uşaq Xəstəxanası yaradılmış və səhiyyə müəssisəsi üçün binanın yenidən qurulması davam etdirilir.
Cari ilin ötən dövründə muxtar respublikanın səhiyyə müəssisələrinə yeni tibbi avadanlıqlar təqdim olunmuşdur.
Sosial layihələr çərçivəsində 2020-ci ilin ötən dövründə yüksəkixtisaslı həkim heyəti tərəfindən, ümumilikdə, 19 cərrahi əməliyyat aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə 2020-ci ilin yanvar ayından Naxçıvan şəhərində, “Culfa rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 16 yanvar tarixli Sərəncamı ilə Culfa rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılmışdır. Bundan əlavə, muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 5 fevral tarixdə Sərəncam imzalanmışdır.
Səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, 2019-cu ildə muxtar respublikada ilk dəfə diaqnozla qeydə alınmış xəstələrdə bütün xəstəliklərin əhalinin hər 10000 nəfərinə düşən sayı ölkədə qeydə alınmış ən aşağı göstəricilərdəndir.
Muxtar respublikada səhiyyənin inkişafında mühüm xidmətləri olan tanınmış həkim və ictimai xadim – Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 17 sentyabr tarixdə Sərəncam imzalanmışdır.
2020-ci il sentyabr ayının sonuna muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 447 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 22 nəfərə “NAZ Lifan-330” markalı minik avtomobilləri təqdim edilmişdir.
Muxtar respublikada 149 aztəminatlı ailənin hər birinə yanında balası olan iribuynuzlu, 26 ailənin hər birinə yanında balası olan 10 baş xırdabuynuzlu, 14 ailəyə mini yerşumlayan aqreqat, 3 ailənin hər birinə 10 arı ailəsi, 1 ailəyə dərzi avadanlıqları, 1 ailəyə təndir çörəyi, kətə və digər unlu məmulatların hazırlanması üçün ləvazimatlar, 1 ailəyə mebellərin təmiri və üzlənməsi üçün avadanlıqlar, 1 ailəyə qaynaq aparatı və plastik boru ütüsü, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat verilmişdir. Ümumilikdə, 2020-ci ilin doqquz ayı ərzində 901 nəfər ailə üzvü olan 197 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, özünüməşğulluğun təmin edilməsi istiqamətində sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmiş, təsərrüfatlarını nümunəvi inkişaf etdirən 5 ailəyə süd sağımı, 5 ailəyə otdoğrayan, 2 ailəyə isə arpa-buğda qıran aqreqatları verilmişdir.
Hesabat dövründə 318 tənha ahıl və əlil vətəndaşlara evlərində sosial xidmət göstərilmiş, Naxçıvan Əlillərin Bərpa Mərkəzində 123 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 129 uşağın müalicəsi təşkil edilmişdir. Bundan əlavə, müalicə məqsədilə 50 nəfər yollayışlarla, 268 nəfər texniki reabilitasiya vasitələrilə təmin olunmuş, 231 nəfərə protez-ortopediya xidmətləri göstərilmişdir.
Əhaliyə göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin etmək məqsədilə Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə 8,8 milyon manat vəsait ayrılmışdır. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında “ASAN xidmət” Mərkəzinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 19 fevral tarixdə Sərəncam imzalanmış və müvafiq mərkəzin tikintisi davam etdirilir.
Muxtar respublikada arxiv işi sahəsində həyata keçirilən islahatların davamlılığını, dövlət arxiv təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsini, cəmiyyətdə arxiv işinin rolunun artırılmasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 mart tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir.
Muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 2,7 min nəfər artaraq 1 sentyabr 2020-ci il tarixə 461 min nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yenidoğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2020-ci ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,9 nəfər təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir. Bu dövr ərzində əhalinin hər 1000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınmışdır.
“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2020-ci il 12 iyun tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Babək qəsəbəsinə şəhər, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilmiş, təqdimat keçirilmişdir.
Muxtar respublikada pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatı formalaşdırılmışdır. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2020-ci ilin doqquz ayında pensiya və müavinətlərin ödənilməsinə 135 milyon 459 min manata yaxın vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 24,9 faiz çoxdur.
Muxtar respublikada idmanın inkişafı cari ilin ötən dövründə də diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” təsdiq edilmişdir. Müvafiq Dövlət proqramının icrasına başlanılmış, Naxçıvan şəhərində idman festivalı keçirilmişdir.
Uzunoba Su Anbarı ərazisində çimərlik futbolu meydançasının yaradılması başa çatdırılmış, təlim-məşq kompleksinin və Ordubad Şəhər Stadionunun tikintisi davam etdirilir.
Milli dəyərlərimizin təbliği, onun daha da zənginləşdirilərək gələcək nəsillərə ötürülməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.
2020-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan şəhərində buzxananın yenidən qurulması, Yusif Küseyir oğlu türbəsinin və Kəngərli rayonunda Şahtaxtı hamamının bərpası başa çatdırılmışdır.
Naxçıvan şəhərində Naxçıvançay sahilində “Sahil Parkı”nın, Şərur şəhərində musiqili fəvvarənin tikintisi, Təqaüdçülər Klubunun yenidən qurulması başa çatdırılmış, Şərur Rayon Mədəniyyət Sarayının və “Saat Meydanı”nın, Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin tikintisi davam etdirilir. Bundan əlavə, Şərur, Ordubad və Sədərək rayonlarında bayraq meydanlarının tikintisi davam etdirilir.
Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqlarının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində, Babək rayonunun Cəhri qəsəbəsində və Culfa rayonunun Qazançı kəndində hər birində bir məscidin tikintisi, Ordubad şəhərində Cümə məscidinin yenidən qurulması, Culfa rayonunun Milax kəndində məscidin, Ərəfsə kəndində pirin əsaslı təmiri davam etdirilir.
Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafında xüsusi xidmətləri olan bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2020-ci il 28 yanvar tarixdə Sərəncam imzalanmışdır.
Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafı diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nəzdində Televiziya və Radio Verilişləri Redaksiyası yaradılmış və redaksiyanın fəaliyyəti təşkil olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasına və Naxçıvan Mətbuat Şurasına yeni səlahiyyətlər verilmiş, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə yeni avadanlıqlar və avtomobillər təqdim edilmişdir.
Muxtar respublikada turizmin inkişafı istiqamətində tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. Culfa rayonunda Darıdağ arsenli su müalicə və istirahət kompleksinin tikintisi muxtar respublikanın turizm imkanlarının genişlənməsinə öz töhfəsini verəcəkdir.
Muxtar respublikanın tanıdılması məqsədilə hazırlanmış “Azərbaycanın ürəyidir Naxçıvan” sənədli filmi Bolqarıstanda keçirilmiş turizm film festivalında “Turizm məkanı” kateqoriyası üzrə “Reportaj və ya sənədli film” alt kateqoriyasında qalib gəlmişdir.
Hüquq-mühafizə orqanları ilə iş
Muxtar respublikada hüquq-mühafizə orqanlarının madditexniki bazasının gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
2020-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillər və avadanlıqlar təqdim olunmuş, muxtar respublikada aparılan tikinti-quraşdırma işlərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmasına nəzarəti daha da gücləndirmək məqsədilə Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin yeni laboratoriyası fəaliyyətə başlamışdır.
Sədərək rayonunda Sədərək sərhəd gömrük-buraxılış məntəqəsinin tikintisi, Culfa rayonunda Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının yenidən qurulması davam etdirilir.
Aparılan təhlillər deməyə əsas verir ki, bütün sahələrdə əldə olunmuş uğurlar muxtar respublikanın davamlı və dinamik inkişafına, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yeni imkanlar yaratmaqdadır.
"Şərq qapısı"