Ailə təsərrüfatları iqtisadi inkişafa mühüm tövhə verir

Muxtar respublika əhalisinin ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında aparıcı qüvvələrdən biri ailə təsərrüfatlarıdır. Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolunu nəzərə alaraq onların fəaliyyətlərinin stimullaşdırılması, istehsal sahələrinin genişləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi 2020-ci ildə də davam etdirilmişdir. Heyvandarlıq, arıçılıq, bağçılıq, tingçilik, kartof əkini, soyuducu anbar, istixana kompleksi, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi kimi sahələr üzrə cari ilin ötən dövrü ərzində 38 ailə təsərrüfatına 448 min 100 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Naxçıvan Muxtar Respublikasında qış aylarında daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə tam təminatında istixana kompleksləri əvəzsiz rol oynayır. Bu gün muxtar respublikada ənənəvi fəaliyyət sahələrinə müasir texnologiyaların tətbiq olunduğu gəlirli sahələrdən biri də istixana kompleksləridir.

Hazırda Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Kəngərli, Ordubad rayonlarında olmaqla, regionun müxtəlif bölgələrində 138 min 835 kvadratmetr sahədə 31 istixana təsərrüfatı fəaliyyət göstərir. Bu təsərrüfatlarda mövsüm ilində pomidor, xiyar, badımcan, bibər, limon, çiyələk, göbələk, göyərti, kahı və şitil əkini həyata keçirilir.

Ailə təsəsrrüfatları tərəfindən dövlət maliyyə dəstəyindən bəhrələnərək qurulan yeni istehsal sahələrindən biri də Culfa şəhərində yerləşən göbələk istixanasıdır. Ailə təsərrüfatçısına cari ildə öz istehsal sahəsini genişləndirmək məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilmişdir. Müasir tələblərə uyğun olaraq qurulan müəssisədə göbələyin yetişdirilməsi, toplanması və qablaşdırılması üçün hərtərəfli şərait yaradılmışdır.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti