Sahibkarlığın inkişafına dövlət qayğısı Babək rayonunda yeni istehsal sahələrinin yaradılmasını təmin edib

 

Muxtar respublikamız ötən 25 il ərzində sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Bu illər ərzində iqtisadiyyatın əsasını təşkil edən sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılmış və bunun nəticəsidir ki, indi təkcə Naxçıvan şəhərində yox, qədim diyarın bütün rayonlarında emal və sənaye sahələri fəaliyyət göstərir. Təşkil edildiyi gündən bu günə Babək rayonu böyük inkişaf yolu keçmişdir. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı quruculuq işləri fonunda sosial infrastruktur obyektlərinin, inzibati binaların və yol infrastrukturunun, rabitə qovşaqlarının tikilərək istifadəyə verilməsi, güclü potensiala malik olan Babək rayonun və onun bütün yaşayış məntəqələrinin simasını tamamilə dəyişmiş, rayon mərkəzi və kəndlər abad yaşayış məntəqələrinə çevrilmişdir.

Son illərdə sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dövlət dəstəyi tədbirlərinin səmərəsinin yüksəldilməsi Babək rayonunda da mühüm nailiyyətlərin əldə edilməsinə şərait yaratmışdır. Belə ki, təkcə 2020-ci ilin doqquz ayında Babək rayonunda dövlət maliyyə dəstəyi hesabına 24, özəl investisiya qoyuluşu hesabına 4 olmaqla ümumilikdə 28 istehsal və xidmət sahəsi yaradılmışdır. Həmçinin müxtəlif təyinatlı 11 sahənin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı yeni istehsal və xidmət sahələrinin yaradılmasına, ixracyönümlü məhsul istehsalının artırılmasına təkan verməklə yanaşı, əhalinin məşğulluğunun yüksəldilməsinə da öz tövhəsini verir. Belə ki, 2020-ci ilin yavar-sentyabr aylarında yeni yaradılan müəssisələr hesabına ümumilikdə 64 yeni iş yeri açılmışdır.

Bu gün Babək rayonunda da əlverişli sahibkarlıq mühiti formalaşmış və istehsal olunan məhsullar istehlakçılar tərəfindən rəğbətlə qarşılanır. Hazırda Babək rayonunda  yüngül, yeyinti, kağız, karton və poliqrafiya, kimya, energetika sənayesi və tikinti sahələri olmaqla 70-dən artıq müəssisə fəaliyyət göstərir ki, bu müəssisələrdə 150-dən çox çeşiddə məhsul istehsal olunur.

Babək rayonunun Sirab kəndində yerləşən “Sirab” Mineral Sular Zavodunda qablaşdırılaraq satışa çıxarılan və süfrələrimizin bəzəyinə çevrilən “Sirab” mineral süfrə suyu muxtar respublika iqtisadiyyatına mühüm töhfə verən istehsal sahələrindəndir. Bu gün 100-dən artıq insanın çalışdığı  “Sirab”  Mineral Sular Zavodunda istehsal olunan qazlı və qazsız “Sirab” əmttə nişanlı təbii mineral müalicəvi süfrə suyu təkcə ölkəmizin digər regionlarında deyil, dünyanın bir sıra ölkələrinin mineral su bazarlarında özünəməxsus yer tutmuşdur. Müəssisə muxtar respublikanın ən böyük ixracatçılarındandır. Bu illər ərzində saysız-hesabsız uğurlara imza atan istehsal müəssisəsi 2020-ci ilin ötən dövründə öz məhsullarını Moskvada təşkil edilən “Prodexpo 2020” və Dubay şəhərində keçirilən “Gulfood 2020” kimi nüfuzlu beynəlxalq sərgilərində də nümayiş etdirmişdir.

Babək rayonunda “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Araz kəndində yerləşən istehsal müəssisəsi, “Gəmiqaya Kərpic Kompleksi” və “Ləzzət Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətləri, “Xalaoğlu” kəndli-fermer təsərrüfatı,  gəc və digər istehsal sahələri muxtar respublikanın ixrac potensialına və iqtisadi inkişafına “İxrac ili” ndə də öz töhfələrini verirlər.

Kənd təsərrüfatı sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər bu sahədə iqtisadi aktivliyi artırmış, Babək rayonunda aqrar sahənin inkişafına dövlət dəstəyi genişlənmişdir. İqtisadiyat Nazirliyinin nəznində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin yanvar-sentyabr ayları ərzində rayonda kənd təsərrüfatı yönümlü 27 layihənin maliyyələşdirilməsinə 423 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Qeyd edək ki, son illər ərzində Babək rayonunda dövlət maliyyə dəstəyi ilə 94 heyvandarlıq, 13 quşçuluq, 33 arıçılıq, 24 bağçılıq, 1 balıqçılıq təsərrüfatı və 6 istixana kompleksi yaradılmışdır.

Muxtar respublikada ailə təsərrüfatlarının inkişafına göstərilən diqqət və qayğı Babək rayonunda da öz nəticələrini vermiş, rayonun kəndlərində süd məhsullarının istehsalını həyata keçirən, dərman bitkilərini qurudub satışa çıxaran, heyvandarlıq və quşçuluqla məşğul olan çox sayda ailə təsərrüfatları yaradılmışdır.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında ailə təsərrüfatlarının rolunu nəzərə alaraq cari ilin ötən doqquz ayında Babək rayonunda fəaliyyət göstərən ailə təsərrüfatlarına 101 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.

Bu gün Babək rayonunda fəaliyyət göstərən müəssisələrdə istehsal olunan rəqabətqabiliyyətli və yüksəkkeyfiyyətli məhsullar muxtar respublika əhalisinin istehlak tələbatını ödəməklə yanaşı 5 ölkəyə ixrac edilir.

Sahibkarların beynəlxalq təcrübəni öyrənməsi, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, xarici ölkələrdə tanıdılması məqsədilə Babək rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5 nümayəndəsinin xarici ölkələrdə keçirilmiş 2 müxtəlif tədbirdə dövlət dəstəyi ilə iştirakı təmin edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

 İqtisadiyyat Nazirliyinin mətbuat xidməti