“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası uğurla davam etdirilir

2020-ci ilin ötən dövründə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla əsaslanan, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilərək “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası çərçivəsində iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə və özəl investisiya hesabına 124 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 64 sahənin yaradılması davam etdirilmişdir. Yeni müəssisələrin yaradılması həmçinin yeni iş yerlərinin  açılamasını da şərtləndirir. Cari ilin ötən dövründə yeni yaradılan bu müəssisələr hesabına ümumilikdə 442 yeni iş yeri açılmış, 664-ü dövlət maliyyə dəstəyi hesabına, eləcə də 22-si özəl investisiya hesabına olmaqla ümumilikdə 686 yeni iş yerinin yaradılması istiqamətində işlər davam etdirilmişdir.

Özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iqtisadi və maliyyə resurslarına çıxış imkanlarının genişlənməsi, kredit resurslarının məhz muxtar respublika iqtisadiyyatı üçün prioritet hesab olunan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir.

2020-ci ilin yanvar – oktyabr aylarında Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublika üzrə 129 layihənin maliyyələşdirilməsinə ümumilikdə 13 milyon 924 min manatdan çox kredit vəsaiti verilmişdir. Bundan sənaye məhsulu yönümlü 8 layihənin maliyyələşdirilməsinə 11 milyon 286 min manat, xidmət sahəsi üzrə 2 layihənin maliyyələşdirilməsinə 521 min manat kənd təsərrüfatı yönümlü 119 layihənin maliyyələşdirilməsinə 2 milyon 117 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.