Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 06 mart 2020-ci il tarixli 5-06/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ixrac potensialının və ixraca dövlət dəstəyinin artırılması ilə bağlı Tədbirlər Planı”nda İqtisadiyyat Nazirliyinin qarşısına yerli xammala əsaslanan rəqabətqabiliyyətli müəssisələrin yaradılmasının dəstəklənməsi, yerli məhsulların xarici bazarlara çıxış imkanlarının araşdırılması, muxtar respublikada tələbatdan artıq istehsal edilən kənd təsərrüfatı məhsullarnın ixraca yönəldilməsi, ailə təsərrüfatlarının ixrac imkanlarının müəyyənləşdirilməsi, onların ixrac məhsulu istehsalı üzrə ixtisaslaşmasına və məhsullarının ixracına dəstək göstərilməsi, sahibkarlara ixracyönümlü istehsalın aparılması məqsədilə güzəştli kreditlərin verilməsi kimi vəzifələrlə yanaşı, məhsulların beynəlxalq sertifikatlaşdırılmasının əhəmiyyəti barədə sahibkarların maarifləndirilməsi, İSO beynəlxalq standartlarının tətbiqinə və sənayedə brendləşməyə dair seminarların keçirilməsi kimi vəzifələr də qoyulmuşdur. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə 18 noyabr 2020-ci il tarixində İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə muxtar respublikada istehsal olunan məhsulların xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi, məhsulun tanıdılması, reklamın səmərəliliyinin artırılması, məhsulda beynəlxalq standartların mahiyyəti istqamətində sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün seminar keçirmişdir. Tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Gözəlov Adıgözəl “İSO sertifikatının texniki tələbləri”, İqtisadiyyat Nazirliyinin “Sənaye” şöbəsinin müdiri Elnur Mahmudov “İSO beynəlxalq standartlarının tətbiqi və sənayedə brendləşmə” mövzularında ərtaflı çıxış etmişlər. Çıxışlarda bildirilmişdir ki, son illərdə ölkəmizdə, eləcə də muxtar respublikada rəqabətqabiliyyətli məhsul istehsalı və istehsal olunan məhsullarının ixracının artırılması qarşıya qoyulan prioritet vəzifələrdəndir. Milli brendlərin yaradılması, məhsul ixracınının artırılması, ixrac bazarlarının genişləndirilməsi ölkəyə valyuta axınını təmin edən amillərdir. Bu baxımdan yerli məhsulların keyfiyyətinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmasının vacibliyi günün tələbidir.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti