Naxçıvan Biznes Mərkəzində muxtar respublikada araq istehsalı ilə məşğul olan ailə təsərrüfatçılarına mini filtr qurğularının verilməsi məqsədilə keçirilən tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Rəşad Mirzəyev qeyd edib ki, ailə təsərrüfatlarında istehsal olunan araq məhsulları mütləq şəkildə aktiv kömür filtrindən süzülməlidir. Əks təqdirdə insan sağlamlığı üçün ağır fəsadlara yol aça bilər. Vurğulanıb ki, qida təhlükəsizliyinin təmin edilməsi və insan sağlamlığının qorunması ilə bağlı olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mühüm tədbirlər görülür. Bu istiqamətdə ilkin olaraq Rusiya Federasiyasının Sankt Peterburq şəhərindəki “Akvatoriya” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan 20 ədəd gümüş tozu əlavə edilmiş aktiv kokos kömürü ilə işləyən mini filtr qurğuları gətirilib.
“Şərur 3” Məhdud Məsuliyyətli Cəmiyyətinin texnoloqu Fikrət Əhmədov yeni gətirilmiş mini filtr qurğuları barədə ətraflı məlumat verib.
Sonra yeni mini filtr qurğuları ilə təmin olunan ailə təsərrüfatçıları muxtar respublikada bu sahənin inkişafına göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Tədbirdə o da diqqətə çatdırılıb ki, aktiv kömür filtrindən süzülməyən araqların istehsalına, satışına və eləcə də gələcəkdə ailə təsərrüfatı yarmarkası və festivallarına çıxarılmasına yol verilməyəcək.