Dövlət Proqramının uğurlu icrası xalçaçılığın inkişafına töhfə verir

  

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, xalçaçılıq sənətinin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, xalça çeşnilərinin bərpası, əllə toxunan xalçaların ixrac potensialının artırılması, eləcə də əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir. Dövlət Proqramının qəbul olunduğu tarixdən ötən dövr ərzində  bir sıra təşkilati işlər görülmüş, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və “Buzxana” tarix-memarlıq abidəsində yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 107 xalça toxunaraq satışa çıxarılmışdır. Hazırda 4 ədəd xalçanın toxunuşu davam etdirilir.  Həmçinin muxtar respublikanın rayonlarında da xalça toxuma sənətinin yaşadılması, xalçatoxuyanların fəaliyyətinin stimullaşdırılması işləri diqqətdə saxlanılmışdır. Belə ki, Sədərək rayonunda yerləşən xalçatoxuma müəssisəsi hanalarla təmin olunmuş və  5 xalçaçı qadına zəngin milli ornamentləri, qədim çeşniləri əks edirən xalça toxuma sənətinin sirləri öyrədilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti