Tələbələr “Badamlı” Mineral Sular Zavodunda olub

 

İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil edib. Tələbələr bu dəfə Badamlı Mineral Sular Zavodundakı  istehsal prosesi ilə yaxından tanış olublar. İstehsalat təcrübəsində tələbələr müəssisənin fəaliyyəti, istehsal edilən məhsullar, onların çeşidi, tətbiq edilən müasir avadanlıqlar, məhsulların istehsal texnologiyasının keyfiyyətə təsiri barədə mütəxəssislər tərəfindən ətraflı məlumat alıblar.

Həmçinin tələbələrə bildirilib ki, “Badamlı” mineral suyu 1947-ci ildən istehsal olunur. Badamlı mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə başlanılıb. Ötən dövr ərzində “Badamlı” mineral suyunun istehsal və ixrac həcminin artırılması məqsədilə 2020-ci ilin may ayında Şahbuz rayonunun Badamlı qəsəbəsində mineral suyun mənbəyində,  müəssisənin yeni zavodu istifadəyə verilib. Yeni zavodun mineral bulağın su ehtiyatlarından 100 faiz istifadə etməyə imkan verdiyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, zavodda 14 çeşiddə istehsal olunan qazlı və qazsız “Badamlı” suları təkcə Naxçıvanda deyil, ölkəmizin hər yerində, eləcə də Rusiya, Qazaxstan, Birləşmiş Ərəb Əmirliyi, Çin və İraq kimi ölkələrdə də özünə alıcı kütləsi toplayıb.

Sonda tələbələrin müəssisənin ixrac imkanları barədə sualları cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti