Naxçıvanlı sahibkar qadınların əl işləri Virtual Sahibkarlar Yarmarkasında yer alıb

 

Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində Virtual Sahibkarlar Yarmarkası fəaliyyətə başlayıb. Virtual yarmarkada muxtar respublikadan olan sahibkar qadınların əl işləri yer alıb. Bu münasibətlə keçirilən onlayn tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova diqqətə çatdırıb ki,  2020-ci ilin 1 iyul tarixinə olan statistik məlumata görə muxtar respublikada ümumilikdə 6979 nəfər qadın sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 564 nəfər çoxdur. 

Ramil Seyidova Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı geniş miqyaslı proqramdan da danışıb.

Bildirib ki, proqram çərçivəsində 2019 və 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” və “Naxçıvan Muxtar Respublikasında COVİD-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi icra olunub. Layihələrdə ümumilikdə  102 qadına 69 min 250 manat dəyərində sərmayə kapitalı verilib.

“Sərmayə kapitalları bu gün artıq öz bəhrəsini verir”,- deyən komitə sədri qeyd edib ki, Virtual Sahibkarlar Yarmarkasında muxtar respublikadan olan 32 istedadlı və ailə təsərrüfatçısı qadının 842 əl işi və ailə təsərrüfatı məhsulu yer alıb. Hazırlanan işlərin onlayn sərgilənməsi üçün çəkilən fotolar Azərbaycan MikroMaliyyə Assosiasiyasına təqdim edilib və Virtual Sahibkarlar Yarmarkasının www.e-sergi.az səhifəsində yerləşdirilib.

Tədbirdə İslam İnkişaf Bankının Davamlılıq və Sosial İnkişaf Departamenti, Qadınların inkişafı üzrə baş mütəxəssis Kristonia Lokhart, Polşa Mikromaliyyə Mərkəzinin müdir müavini Katarzina Pavlak və başqaları çıxış edərək mikrosahibkarlığın inkişafının əhəmiyyətindən danışıblar.

Daha sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova layihə ilə bağlı ətraflı məlumat verib.

Onlayn yarmarkada iştirak edən qadınların əl işlərinin və istehsal etdikləri məhsulların təqdimatı keçirilib.

 

"NUHÇIXAN"  İnformasiya Agentliyi