Tələbələrlə keçirilən görüş "İxrac ili"nə həsr olunub

 

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” ixtisasının tələbələri ilə görüş keçirilib. Görüşün əsas mövzusu “İxrac ili”ndə əldə olunan nailiyyətlər olub.

Tədbiri giriş sözü ilə açan fakültə dekanı tələbələrlə təşkil olunan görüşlərin əhəmiyyətindən danışıb.

Sonra görüşün əsas mövzusu üzrə İqtisadiyyat Nazirliyinin şöbə müdiri 2020-ci ilin muxtar respublikada “İxrac ili” elan olunmasının əhəmiyyəti, muxtar respublikada istehsal olunan məhsulların yeni bazarlara çıxış imkanları, ixrac sahəsində sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, bu istiqamədə dünya təcrübəsi, “İxrac ili”ndə əldə olunan nəticələr və nailiyyətlərlə bağlı ətraflı çıxış edib.

Daha sonra Babək “Sirab” ASC-nin nümayəndəsi şirkətin yaranma tarixi, istehsal sahələri, istehsal olunan məhsulların növ və çeşidi, müəssisənin xarici əlaqələri, ixrac bazarları, şirkət əməkdaşlarının iştirak etdiyi və istehsal olunan məhsulların sərgiləndiyi beynəlxalq tədbir və sərgilər barədə tədbir iştirakçılarına geniş məlumat verib. 

Görüşün sonunda  tələbələri maraqlandıran suallar cavablandırılıb .

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti