İqtisadiyyat Nazirliyinin kollektivi əsgərlərə sovqat aparıb

 

Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin kollektivi, "Xəyal" və "Nuh yurdu" iaşə obyektlərinin nümayəndələri  31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Naxçıvan şəhərindəki “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb, onlara sovqat təqdim ediblər. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev əsgərlərlə səmimi söhbət zamanı deyib ki, Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu milli həmrəylik bu gün müstəqil Azərbaycanda inkişafın və sabitliyin əsas təminatıdır. Dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən həmrəylik günü xalq-ordu birliyinin əsaslarından birini təşkil edir. Dahi öndərin ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, ordumuz gündən-günə güclənir.

Ölkədə aparılan ordu quruculuğu siyasəti muxtar respublikamızda da uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində bütün hərbi hissələr müasir texnika və avadanlıqlarla təchiz olunmuş, maddi-texniki baza təkmilləşdirilmişdir. Yeni əsgər yataqxanalarının, standartlara uyğun əsgər yeməkxanalarının tikilməsi, bəzilərinin isə əsaslı təmiri orduya göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Görülən işlərin nəticəsi olaraq, Azərbaycan ordusu  Cənubi Qafqazın ən güclü ordusu sıralarına daxil olmuşdur. Ölkəmizlə yanaşı, Naxçıvan Muxtar Respublikasında da xalq-ordu birliyini daima möhkəmləndirmək üçün görülən işlərdən biridə, həmrəylik günü münasibətilə əsgərlərlə görüşlər keçirməkdir.

Həmrəylik həyatımızın bütün sahələrində vacib əhəmiyyətə malikdir. Xüsusi ilə də hərbiçilərimiz üçün mənəvi dayaq və əzmdir. Ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30-ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarımızı işğaldan azad etmişdir. Bu vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabit və əsgərləri də böyük və parlaq şücaət göstərmişdir.

Nazir Tapdıq Əliyev Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.  

Şərəfli bir vəzifəni yerinə yetirən əsgərlərimizlə xalqımızın və dövlətimizin daim qürur duyurduğunu bildirən nazir vətənə sədaqətlə xidmət edən hərbçiləri Vətən Müharibəsində qələbə və qarşıdan gələn həmrəylik günü münasibəti ilə təbrik edərək onlara xidməti vəzifələrində uğurlar arzulayıb.

Sonra gətirilən sovqat hərbi hissəyə təhvil verilib.