Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2020-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan nazir Tapdıq Əliyev bildirib ki, ötən 2020-ci ildə makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə, qazanılan naliyyətlərin vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi muxtar respublika iqtisadiyyatının dinamik inkişafını təmin edib.
Sənayeləşmə sahəsindəki uğurlardan bəhs edən nazir vurğulayıb ki, 2020-ci ildə yüksək standartlara cavab verən müəssisələrin yaradılması, həmçinin sahibkarlığın inkişafının stimullaşdırılması diqqət mərkəzində saxlanılıb, sahibkarlıq subyektləri tərəfindən 153 layihə dövlət maliyyə dəstəyi və 16 layihə özəl investisiya olmaqla, 169 istehsal və xidmət sahəsi istifadəyə verilib, 772 yeni iş yeri açılıb. 33 layihənin icrası davam etdirilib. Yeni emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafına da mühüm təsir göstərib. Sahibkarlara güzəştli kreditlərin verilməsi, özəl bölmənin maliyyə resursları ilə təmin olunması məqsədilə ötən il Sahibkarlığın İnkişafı Fondu tərəfindən 142 layihənin maliyyələşdirilməsinə 15 milyon 577 min manat məbləğində güzəştli kreditlər ayrılıb. Bu kreditlərin 11 milyon 798 min manatı sənayenin, 2 milyon 831 min manatı kənd təsərrüfatının inkişafına, 948 min manatı isə xidmət sahələrinin yaradılmasına yönəldilib.
Qeyd olunub ki, sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatın tamamilə yerli imkanlar hesabına ödənilməsinə imkan verir.
Diqqətə çatdırılıb ki, fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün 2020-ci ildə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 4 soyuducu anbarın yaradılması, 1 soyuducu anbarın genişləndirilməsi, 1 soyuducu anbarda avadanlıqların quraşdırılması başa çatdırılıb, 2 soyuducu anbarın yaradılması davam etdirilib. Bundan əlavə, 9 istixana təsərrüfatının, 1 göbələk istehsal sahəsinin yaradılması, 1 istixana təsərrüfatının genişləndirilməsi, 1 istixana təsərrüfatının fəaliyyətinin bərpası, 1 istixana təsərrüfatında istilik sistemlərinin quraşdırılması başa çatdırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 12 avqust 2020-ci il tarixdə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə qarşıya qoyulan vəzifələrə uyğun olaraq əhalinin meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun və keyfiyyətlə ödənilməsini təmin etmək məqsədilə 2020-ci ildə 1417 tonu “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən olmaqla soyuducu anbarlara ümumilikdə 8700 ton meyvə-tərəvəz məhsullarının tədarükünün həyata keçirilməsi, istixana təsərrüfatlarında 684 ton tərəvəz məhsullarının yetişdirilərək bazarlara çıxarılması istehsalçıların fəaliyyətinin stimullaşdırılmasına və qiymətlərin tənzimlənməsinə şərait yaradıb. Əkin sahələrində və istixanalarda yetişdirilən bostan-tərəvəz məhsullarının istehsalçıları tərəfindən birbaşa bazarlara təklif edildiyi nəzərə alınaraq 1135 halda səyyari laboratoriya təhlilləri aparılıb, istehsalçılarla maarifləndirmə tədbirləri davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə 2020-ci ilin “İxrac ili” elan olunması muxtar respublikanın sosial-iqtisadi imkanlarını daha da genişləndirib, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulların ixrac potensialının artırılmasını təmin edib. Ötən il dövlət dəstəyi ilə ölkə daxilində və xaricdə kеçirilən 7-si onlayn olmaqla 10 beynəlxalq tədbirdə 14 sahibkarlıq subyektinin 27 nümayəndəsinin iştirakı təmin olunub.
Muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssislərdə istehsal olunan vafli məhsulları, tütün məmulatları, travertin, mərmər, mebel məmulatları, mineral sular, kapsul preformaları 2020-ci ildə Gürcüstan, Türkiyə, Estoniya, ABŞ, İraq, İran, Türkmənistan, Rusiya, Əfqanıstan, Çin, BƏƏ, Yəmən, Oman Sultanlığı, Belçika Krallığı olmaqla 12-dən çox ölkəyə ixrac olunub, həmin məhsulların ixracını asanlaşdırmaq məqsədilə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 127 hаldа mənşə sertifikatının verilməsi təmin edilmişdir. Ötən il sahibkarlara 3 milyon 360 min manat dəyərində investisiya təşviqi və təsdiqedici sənədinin, 23 halda ixrac əməliyyatı üzrə 43 min manat məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilib.
Vurğulanıb ki, 2020-ci ildə mövcud çətinliklərə baxmayaraq muxtar respublika iqtisadiyyatı öz dinamik inkişafını davam etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin sahibkarlar üçün yaratdığı əlverişli mühit, iqtisadi sahədə qəbul olunmuş dövlət proqramlarının uğurlu icrası iqtisadiyyatın inkişafına öz töhvəsini verməkdədir. Muxtar respublikanın brendi olan Naxçıvan duzuna xüsusi diqqət göstərilməsi, Duzdağda yeni şaxtanın və müasir standartlara cavab verən yeni müəssisənin tikintisi, həmçinin Şərur Sənaye Məhəlləsinin tikintisi və bunlardan başqa da davam edən bir sıra layihələr İqtisadiyyat Nazirliyinin qarşısında 2021-ci il ildə də yeni vəzifələr, yeni məqsədlər qoyur. 2021-ci ildə də ixrac potensiallı müəssisələr, ixrac potensiallı məhsullar daha diqqətdə saxlanılmalı, tələbatı yerli istehsal hesabına ödəməklə yanaşı, yerli xammala əsaslanan müəssisələrin qurulmasına üstünlük verilməlidir. Ailə təsərrüfatlarının fəaliyyəti diqqətdə saxlanılmalı, daxili bazarda süni qiymət artımına yol vermədən əhalinin keyfiyyətli məhsullarla təmin edilməsinə nəzarət edilməlidir.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti