Şəhriyarda yeni xidmət mərkəzi fəaliyyətə başlayıb

 

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada tarazlı inkişaf təmin olunub, investisiya qoyuluşları bütün fəaliyyət istiqamətlərini əhatə edib. Hər il sosial infrastruktur obyektləri tikilir, yollar çəkilir, rayon və kənd mərkəzləri istifadəyə verilir, müasir kommunikasiya sistemləri qurulur. Bu da muxtar respublika əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradır.

Aparılan məqsədyönlü Şəhriyar kəndində əhalinin rahatlığının təmin olunması istiqamətində görülən kompleks tədbirlər çərçivəsində yeni xidmət mərkəzi də tikilib.

Yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.

Bildirilib ki, mərkəzdə sakinlərin gündəlik tələbatını ödəyəcək zəruri xidmət sahələri fəaliyyət göstərir. Burada bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar vardır. Mağazalarda keyfiyyətli yerli ərzaq məhsullarının, gündəlik tələbat mallarının, xüsusilə ailə təsərrüfatı məhsullarının satışı təşkil olunub. Mərkəzdə 6 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri Şəhriyar kəndinin abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Bu gün Şəhriyar kəndi Azərbaycanın müasir kəndləri sırasına daxil olub. Kənddə yeni məktəb binasının, uşaq-musiqi məktəbinin, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının, yolun və digər sosial obyektlərin istifadəyə verilməsi sakinlərin rahat yaşayışına hesablanıb. Harada rahatlıq var, orada inkişaf olacaq, məskunlaşma artacaqdır. Şəhriyarda da yaradılan şərait əhalinin rahatlığını təmin edəcək, məskunlaşma daha da artacaqdır. Bütün bunlar kəndin gələcək uğurlarına təminatdır. Kəndin məhsuldar torpaqları vardır. Heyvandarlıq, maldarlıq, quşçuluq inkişaf edib, torpaqlar əkilir, yaxşı məhsul götürülür, ailə təsərrüfatları formalaşıb. Bunların davamlı olması üçün dövlət tərəfindən bundan sonra da sakinlərə dəstək göstəriləcəkdir. Torpaqların əkilməsi dövlətin inkişafına töhfədir. Ona görə də kənd sakinləri ərzaq təhlükəsizliyinin təmin olunmasına və ölkənin inkişafına öz töhfələrini verməlidirlər.

Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıq verib.