Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyinin təmin olunmasında birbaşa iştirak edən, əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən kənd təsərrüfatçıları dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunmuşlar. Aqrar sektorda tətbiq edilən vergi güzəştləri, fermerlərə sərf etdikləri yanacaq və motor yağlarına, habelə buğda və digər dənli bitkilərin səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi, lizinq yolu ilə müxtəlif təyinatlı kənd təsəsrrüfatı texnikalarının güzəştli şərtlərlə verilməsi, gübrələrin verilməsi, həmçinin maliyyə resurslarının əlçatanlığı bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsinə, əkin dövriyyəsinə qatılan torpaq sahələrinin ilbəil artmasına, məhsuldarlığın yüksəldilməsinə, ixracyönümlü kənd təsərrüfatı məhsulu istehsalının stimullaşdırılmasına geniş imkanlar yaratmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının yetişdirdiyi məhsulların birbaşa istehsalçılardan istehlakçılara çatdırılması, istehsal olunan məhsulların satışının təmin olunması, nəticə etibarı ilə ailə təsərrüfatlarının və ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında ildə bir neçə halda festivallar və məhsul yarmarkalarının keçirilməsi təmin edilir.
Qeyd edək ki, aqrar sektorun inkişaf etdirilməsi prioritet sahələrdən biri olduğu üçün bu sahənin maliyyələşdirilməsi daima diqqət mərkəzində saxlanılır və zərurət yarandığı təqdirdə əkinçilərin müraciətləri nəzərə alınaraq kreditlərin ayrılması təmin edilir ki, bu da bu sahənin inkişafının stimullaşdırılmasına zəmin yaradır.
Eyni zamanda kənd təsərrüfatı məhsulları istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə yetişdirilmiş məhsulların soyuducu anbarlar və qəbul məntəqələri tərəfindən satın alınması da bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bütün kənd təsərrüfatı məhsulları ilə yanaşı arpa, buğda və qarğıdalı məhsullarının da əkinçilərdən satın alınması işi davam etdirilməkdədir.
2021-ci il ərzində muxtar respublika üzrə tələbatdan artıq istehsal olunmuş buğda, arpa və qarğıdalı məhsullarının “Gəmiqaya Taxıl Məhsulları” MMC və digər taxıl qəbulu ilə məşğul olan dəyirmanlar tərəfindən tədarükünün həyata keçirilməsi planlaşdırılır. Belə ki, arpa məhsulununbirkiloqramı 35 qəpikdən, buğda məhsulununbir kiloqramı 42 qəpikdən, qarğıdalı məhsulunun bir kiloqramı 40 qəpikdən satın alınacaqdır.
Fermerləri maraqlandıran bütün məsələlərlə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Gəmiqaya Taxıl Məhsulları” MMC-də müəyyənləşdirilmiş operativ əlaqə nömrələrinə müraciət etmələri tövsiyyə olunur.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi –
(036)-545-75-77, (050)-615-58-25
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi -
(036)-545-20-39, (050)-250-10-63
GəmiqayaTaxılMəhsulları MMC -
(070)-250-85-81