İxrac ilində 12-dən çox ölkəyə məhsul ixrac olunub

 

Son illərdə muxtar respublikada özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi yerli məhsulların istehsalını artırmaqla yanaşı, ixrac imkanlarını da artırmışdır. Aparılan məqsədyönlü tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması, ixracyönümlü məhsul istehsal edən yeni sənaye müəssisələrinin yaradılmasına, beynəlxalq standartlara cavab verən yerli məhsullarının dünya bazarlarına çıxarılmasına, muxtar respublika sahibkarlarının və ailə təsərrüfatçılarının beynəlxalq tərəfdaşlıq münasibətlərinin inkişafını stimullaşdırmaqla ixrac potensialının artırılmasına böyük imkan yaratmışdır. İxracyönümlü məhsul və xidmətlərin xarici bazarlarda təşviqi, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi və beynəlxalq tərəfdaşların tapılması məqsədilə muxtar respublika ixracatçılarının ixrac üçün potensial və perspektivli sayılan dövlətlərdə müxtəlif beynəlxalq sərgi və forumlarda iştirakı prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Bu istiqamətdə 2020-ci ildə 7-si onlayn olmaqla 10 beynəlxalq tədbirdə 14 sahibkarlıq subyektinin 27 nümayəndəsinin beynəlxalq əhəmiyyətli tədbirdə iştirakı təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf sürətləndikcə xarici ticarət əməliyyatlarında da ixrac meyilləri artmaqdadır. Müəssisələrə ixrac əməliyyatları ilə bağlı ixrac təşviqlərinin və bu kimi digər dövlət dəstəyi mexanizmlərinin tətbiqi muxtar respublikamızda istehsal olunan yüksəkkeyfiyyətli sənaye məhsullarının xarici bazarlara çıxışının təmin edilməsində əsas təkanverici amillərdəndir.

Bu istiqamətdə 2020-ci ildə 3 milyon 360 min manat dəyərində investisiya təşviqi və təsdiqedici sənədinin, 23 halda ixrac əməliyyatı üzrə 43 min manat məbləğdə ixrac təşviqinin ödənilməsi Nazirlik tərəfindən təmin edilmişdir.

“İxrac ili”nin elan olunması yerli istehsal məhsullarımızın həm ixrac coğrafiyasının genişləndirilməsinə, həm də yeni növ və çeşiddə məhsul ixracına nail olunmasına şərait yaratmışdır. Belə ki, ötən il muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı müəssislərdə istehsal olunan vafli məhsulları, tütün məmulatları, travertin, mərmər, mebel məmulatları, mineral sular, kapsul preformaları Gürcüstan, Türkiyə, ABŞ, İraq, İran, Türkmənistan, Rusiya, Əfqanıstan, Çin, BƏƏ, Yəmən, Oman Sultanlığı, Belçika Krallığı olmaqla 12-dən çox ölkəyə ixrac olunmuşdur. Adlarını sadaladığım ABŞ, Yəmən, Oman Sultanlığı, Əfqanıstan kimi ölkələr yerli istehsal məhsullarının ixracında yeni satış bazarları kimi çıxış edir.

Qeyd edim ki, aparılan məqsədyönlü tədbirlərin nəticəsi olaraq ənənəvi məhsullarımızla yanaşı 2020-ci ildə siqaret, mebel məmulatlarının da ixracına başlanılmışdır.

Ötən il ixrac edilən məhsulların beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin etmək və onların xarici ölkələrə ixracını asanlaşdırmaq məqsədilə Nazirliyin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 127 hаldа mənşə sertifikatın verilməsi təmin olunmuşdur.

Müəssisələrimizin və məhsullarımızın təbliği və tanıdılması məqsədilə muxtar respublikada fəaliyyət göstərən 14 ixrac  potensiallı müəssisənin fəaliyyəti haqqında məlumatlar, tanıtım materialları Azərbaycan Respublikası Sahibkarlıq Konfederasiyasının təsisçisi olduğu “Biznes Həyatı” jurnalının muxtar respublika ilə bağlı xüsusi nömrəsində dərc edilmişdir.

Bununla yanaşı 2021-ci ildə də ixrac coğrafiyasının genişlənməsinə, muxtar respublikada fəaliyyət göstərən müəsisələr üçün yeni satış bazarlarının araşdırması istiqamətində də işlərimiz davam etdiriləcəkdir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti