Mərkəzi Qida Sınaq Laboratoriyası işini günün tələblərinə uyğun qurub

Muxtar respublikada istehsal edilən və idxal olunan qida, eləcə də ixrac məhsullarının keyfiyyət və təhlükəsizliyinin təmin olunmasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin müstəsna rolu var. 2001-ci ildən fəaliyyət göstərən Mərkəzin əsas iş prinsipi istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və daxili bazarın keyfiyyətsiz məhsullardan qorunması sahəsində dövlət nəzarətini təmin etməkdən ibarətdir. Bunun üçün ötən dövrdə cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsəd­yönlü tədbirlər həyata keçirilmiş, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınaraq quraşdırılmışdır.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası 28 yanvar 2014-cü il tarixli LATAK akkreditasiya orqanının qərarına əsasən LATAK-T-492-00-2014 nömrəsi ilə qeydiyyata alınmış və İSO/İEC 17025 standartı üzrə akkreditasiyanı başa çatdırmaqla muxtar respublikada qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılmasını təmin edən ilk laboratoriya olmuşdur. Qeyd edim ki, bağlanmış razılıq protokoluna əsasən 12 noyabr 2020-ci il tarixdə həmin təşkilatın ekspertləri  Mərkəzi Qida Sınaq Laboratoriyasının məsafədən illik beynəlxalq akkreditasiya yoxlamasını aparmış, laboratoriyada keyfiyyət sistemi və akkreditasiya sahəsinə daxil olan fiziki, kimyəvi, toksikoloji və mikrobioloji analizlərin sənədləşmə hissəsinə baxılmışdır. Nəticəsində laboratoriyanın beynəlxalq akkreditasiya sahəsindəki fəaliyyəti müsbət qiymətləndirilmişdir.

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Laboratoriya tərəfindən yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji, radioloji və toksikoloji göstəricilərinin yoxlanması həyata keçirilir.