Dövlət dəstəyi ailə təsərrüfatlarının fəaliyyətini genişləndirir

 

Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təminatında, əhalinin meyvə tərəvəz və konservləşdirilmiş məhsullarla təmin olunmasında aqrar sahədə aparıcı mövqeyə malik ailə təsərrüfatlarının xüsusi rolu var.  Muxtar respublikada ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılmasının dəstəklənməsi, onların fəaliyyətinin­ stimullaşdırılması, qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli  Sərəncamı ilə təsdiq  olunmuş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı”  Tədbirlər Planı bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, muxtar respublikanın aqrar sektorunda çalışanlar üçün yeni imkanlar açmışdır. 

Həmçinin, aqrar sektorda tətbiq edilən güzəştlər və subsidiyalar ailə təsərrüfatlarının inkişafını stimullaşdırmış, onların fəaliyyət sahələrini genişləndirməyə şərait yaratmışdır. Bu istiqamətdə 2020-ci il ərzində işlər davam etdirilmiş, Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlıq və süd emalı, arıçılıq təsərrüfatı, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi və qablaşdırılması, bağçılıq sahəsinin yaradılması məqsədilə 50-ə yaxın ailə təsərrüfatına 603 min 600 manat dövlət maliyyə dəstəyi göstərilmişdir. Həmçinin ailə təsərrüfatları 37 adda 9804 ədəd tara ilə təmin olunmuşdur.

Ötən il ailə təsərrüfatlarında istehsal olunan məhsulların tanıdılması, təşviqi və sərgisi məqsədilə “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərgi salonunda ailə təsərrüfatlarının 118 çeşiddən çox məhsulunun nümayişi təmin olunmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ticarət obyektlərində ailə təsərrüfatı məhsulları guşələrinin yaradılması da diqqətdə saxlanılmışdır.

İstehsalın mühüm şərtlərindən biri keyfiyyət amilidir. Bu istiqamətdə 2020-ci il ərzində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ailə təsərrüfatlarında istehsal olunan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə ailə təsərrüfatlarında hazırlanan məhsullardan orta nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlilləri aparılmışdır. Nəticədə 557 halda məhsullardan laboratoriya analizləri götürülmüş, nümunələrin  keyfiyyət və təhlüləsizlik göstəricilərinin qüvvədə olan normativ-texniki  sənədlərin tələblərinə cavab verdiyi müəyyən edilmişdir.

Muxtar respublikada 2020-ci ilin “İxrac ili” elan olunması ilə Nazirliyin qarşısına qoyulan prioritet vəzifələrdən biri də ailə təsərrüfatlarının ixrac imkanlarının müəyyənləşdirilməsi, onların istehsal etdikləri məhsullarının ixracına dəstək göstərilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi olmuşdur.  Bu istiqamətdə ötən il muxtar respublikanın qabaqcıl ailə təsərrüfatçılarının 2 halda Türkiyə Respublikasında keçirilən kənd təsərrüfatı yönümlü onlayn tədbirlərdə iştirakı təmin olunmuşdur.

Muxtar respublikada keçirilən ənənəvi yarmarkalarda ailə təsərrüfatlarının intensiv iştirakının təmin olunması onların istehsal etdikləri və qablaşdıraraq satışa çıxardıqları məhsullarının növ və çeşidinin, keyfiyyətinin, satış həcminin o cümlədən, ixrac potensialının stimullaşdırılmasına böyük təkan vermişdir.

Naxçıvan Muxtar Respublikası 

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti