Muxtar respublika sahibkarları Azərbaycan-Özbəkistan biznes forumunda iştirak edib

 

Yanvarın 27-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə onlayn formatda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Biznes Forumunun keçirilməsində əsas məqsəd ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes təşəbbüslərinin stimullaşdırılması, eləcə də biznes və investisiya mühitinin  yaxşılaşdırılması olub. Rəsmi şəxslərlə yanaşı, hər iki ölkənin tikinti, sənaye, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərinin 100-dən çox nümayəndəsinin qatıldığı forumda Naxçıvan Muxtar Respublikasından “Badamlı Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinin  nümayəndələrinin iştirakı təmin olunub.

Biznes forumda iş adamları arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində ikitərəfli görüşlər təşkil olunub. Görüşlər zamanı muxtar respublikanın sahibkarlıq subyektlərinin nümayəndələri Özbəkistan şirkətləri ilə qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıblar.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti