Sənayedə yeni metodların tətbiqinin əhəmiyyəti

 

İqtisadi inkişafda sənayenin həlledici rolu danılmazdır. Bu, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə də daim xüsusi diqqət yetirilən əsas məqamlardandır. Təsadüfi deyil ki, ölkəmizdə sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətinin əsas istiqamətlərindəndir. Azərbaycanda qabaqcıl texnologiyaların və innovativ üsulların tətbiqi ilə sənayenin digər iqtisadi sahələrlə harmonik inkişafı yönündə sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir.

Sənayedə innovativ üsulların və mexanizmlərin üstünlükləri

Ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir. Bütün bunlar isə sənayenin mütərəqqi metodlar və müasir texnologiyaların tətbiqi ilə inkişaf etdirilməsi sayəsində reallaşır. Sənaye müəssisələrində istehsalın səmərəliliyinin yüksəldilməsi üçün innovasiyayönümlü metodlardan, qabaqcıl texnologiya və modern texnikadan istifadə edilir. Elmi-tədqiqat nailiyyətlərindən yararlanmaqla yeni məhsulların istehsalının təşkili, hazırda istehsal edilən məhsulların keyfiyyətinin yüksəldilməsi, rəqabətədavamlılığının artırılması dövrün tələbinə çevrilib. Bunlar isə sənayenin inkişafını, xüsusilə də qeyri-neft sənayesinin artımını şərtləndirməklə, həm də əhalinin həyat səviyyəsinin yüksəlməsinə, tələbatının daha dolğun ödənilməsinə xidmət edir. Mütərəqqi metodların tətbiqi, inkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etməklə, sənayenin inkişafı da məhz ölkə vətəndaşlarının sosial rifahına töhfə verir. Bu baxımdan ölkənin müxtəlif regionlarında innovativ texnologiyaların tətbiqi ilə sənaye zonalarının yaradılması mühüm əhəmiyyətə malikdir. Paytaxtla regionlar arasında inkişaf fərqlərinin aradan qaldırılmasında, müasir müəssisələrin fəaliyyəti ilə bölgələrin sənayeləşmədə rolunun, əhalinin məşğulluğunun artırılmasında sənaye zonaları əlverişli mexanizmlərdəndir.

 Sənaye parkları və məhəllələri mütərəqqi model kimi

Sənayenin yeni modellərin tətbiqi ilə inkişafı xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər qeyri-neft sənayesinin intensiv inkişafına, bu sahədə sahibkarlığın daha əlverişli şərtlərlə dəstəklənməsinə, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə, ölkəyə valyuta axınının, investisiyaların artmasına, neft-qaz amilindən asılılığın daha da azaldılmasına, innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin inkişafına, sənayedə yüksəkixtisaslı kadrların artmasına yeni imkanlar açır. Sənayenin müasirləşməsi, qeyri-neft sektorunun şaxələndirilməsi sahəsində məqsədyönlü islahatlar, yeni mexanizmlərin tətbiqi, rəqabətqabiliyyətli və innovativ sənaye məhsulları istehsalı müəssisələrinın yaradılması ölkədə yüksəkkeyfiyyətli və ixracyönümlü məhsul istehsalı artıb, ixrac potensialı yüksəlib.

Qeyd edək ki, hazırda Azərbaycanda 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı Sənaye parkları fəaliyyət göstərir. Bu parklarda qeydiyyata alınmış rezidentlərin ümumi sayı 50, indiyədək fəaliyyətə başlamış rezidentlərin sayı 36-dır. Rezidentlər tərəfindən sənaye parklarına yatırılmış sərmayənin həcmi 3,5 milyard ABŞ dollarından çoxdur. 8800 nəfərədək vətəndaş işlə təmin olunub. Sənaye parkları üzrə indiyədək ümumilikdə 3,3 milyard manat həcmində satış həyata keçirilib, bunun 25 faizini ixrac təşkil edir.

Sənaye parklarının rezidentləri üçün tətbiq olunan güzəştlər onların sahibkarlar üçün cəlbediciliyini daha da artırır. Belə ki, rezidentlər qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergilərindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən, qeydiyyata alındığı tarixdən 7 il müddətinə isə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə gömrük rüsumlarından azad olunurlar.

Qeyd edildiyi kimi, sahibkarların sənaye parklarına marağı böyükdür. Bu marağın nəticədir ki, sənaye zonalarında yeni müəssisələr, istehsal sahələri yaradılır. Bu baxımdan Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Azerfloat” QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı müəssisəsinin açılması, “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı, “Glassica” QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlinin qoyulması xüsusilə vurğulanmalıdır. Bu cür müasir müəssisələrin idxalı əvəz edən, yüksəkkeyfiyyətli məhsul istehsalında, idxaldan asılılığın azaldılmasında mühüm rolu var. Təsadüfi deyil ki, məhz belə müəssisələrin yaradılmasına, idxaldan asılılıq olan sahələrin inkişafına, həmin sahələrdə istehsalın dəstəklənməsinə böyük diqqət göstərilir. Məsələn, “Azərfloat” QSC-nin qabaqcıl texnologiyalarla fəaliyyət göstərən vərəqə şüşə istehsalı zavodu ölkənin vərəqə şüşələrə olan tələbatı tam ödəyəcək. Hazırda ölkədə vərəqə şüşələrə olan tələbat tamamilə idxal məhsulları hesabına təmin edildiyini nəzərə alsaq, bu müəssisənin fəaliyyətə başlamasının idxalı əvəz edən yüksək keyfiyyətli məhsul istehsalında nə qədər önəmli olduğu vurğulanmalıdır. Yaxud “Azərsulfat” MMC-nin zavodunun fəaliyyətə başlaması ilə ölkəmizin ildə min tonlarla sulfat turşusu idxalı yerli istehsalla əvəz olunacaq. Müəssisənin istehsal etdiyi məhsulun növbəti mərhələlərdə Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır. Eləcə də, “Glassica” QSC-nin zavodunda çeşidli rəngli şüşə tara məhsullarının istehsalı daxili bazarın tələbatını tam ödəməklə yanaşı, həm də ixrac perspektivi yaradır.

Bütün bunlarla yanaşı, ölkədə sənaye məhəllələrinin fəaliyyəti regionlarda sənaye sahələrinin mərkəzləşməsini, daha səmərəli fəaliyyət göstərmələrini, yeni müəssisələrin yaradılmasını və müəssisələrarası istehsal kooperasiyasını təşviq edir. Sənaye məhəllələri həm də kiçik və orta sahibkarlığa, məşğulluğun artırılmasına dəstəkdir. Ölkədə 5 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad, Şərur sənaye məhəllələri yaradılıb, Şərur sənaye məhəlləsi istisna olmaqla, digərlərində istehsal fəaliyyətinə başlanılıb.

Qeyd edək ki, Dünya Bankı 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 1,9 faiz, 2022-ci ildə isə 4,5 faiz artacağını proqnozlaşdırır. Heç şübhəsiz ki, bu artımda qeyri-neft sənayesinin böyük payının olacağı gözlənilir. Bu da sənayenin innovativ üsullarla və mütərəqqi mexanizmlərlə inkişaf etdirilməsi sayəsində mümkün olacaq. Belə ki, 2020-ci ildə iqtisadiyyatda 4 faizdən artıq geriləmə olduğu halda, qeyri-neft sənayesinin 11 faizdən çox artması, bu sektorun iqtisadiyyatda xüsusi çəkisinin 16 faizdən artıq olması da modern sənayeləşmənin iqtisadiyyatın rəqabət qabiliyyətini və iqtisadi artımı əhəmiyyətli dərəcədə artırdığını göstərir.

Sənaye sahəsində mütərəqqi metod və mexanizmlərin tətbiqi ilə yanaşı, idarəetmənin səmərəliliyinin artırılması üçün də islahat xarakterli tədbirlər davam etdirilir. Bu baxımdan Prezident İlham Əliyevin 2021-ci il 22 yanvar tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılması xüsusi qeyd edilməlidir. Agentliyin fəaliyyəti iqtisadi idarəetmənin təkmilləşdirilməsi, o cümlədən sənaye zonalarının idarəedilməsinin optimallaşdırılmasına şərait yaradacaq. Agentlik ölkədəki mövcud sənaye parkları və məhəllələri, aqroparklar sahəsində idarəetmə və nəzarət mexanizmlərinin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək baxımından önəmlidir. Yeni qurum müasir üsullarla aparılan sənaye istehsalının, sənayedə mütərəqqi mexanizmlərin tətbiqinin ümumi iqtisadi inkişafa daha çox töhfə verməsi imkanlarını genişləndirməyə xidmət edəcək.

"Azərtac" AZƏRBAYCAN DÖVLƏT İNFORMASİYA AGENTLİYİ